Canlılar, insanlar həmişə məkan - yuva, ev, şəhər və s. dağılanda, dağıdılanda pərən-pərən düşürlər. Bugünkü insanların məkanı deyil, zamanı dağılıb, daha doğrusu, dağıdılıb.
Çul Xanın "Zamanın qoxusu" kitabı dağılmış zamanın fəlakətlərindən danışır. Neçə gündür düşünürdüm ki, zamanın dağılmasını necə sadələşdirib yazmaq olar ki, hər kəs başa düşsün.
Dünən ağlıma çay metaforası gəldi. Təsəvvür edin ki, zaman bir çaydır, öz məcrası var, biz o çayın içindəyik və bütün həyatımızı çayın məcrasındakı axışına uyğun tənzimləyirik.
Bu gün o çay məcrasından çıxıb və böyük bir düzənliyə yayılıb. Bizi də özüylə birlikdə o düzənliyə yayıb. Məcrasından çıxdığı üçün zaman bizi, biz zamanı idarə edə bilmirik artıq. Zamanında baş verən heç nə yoxdur.
Hətta qlobal hadisələrdə də - məsələn, İranda gedən müharibədə - əsas problem zamanı idarə edə bilməməkdir. Zaman surprizlərə və təsadüflərə parçalanıb.
Zaman sağaltmır artıq, yaralayır. İnsanlar bu vaxta qədər həll edə bilmədikləri problemləri zamanın axışına buraxırdılar. Bu gün heç bir məsələni zamanın axışına buraxmaq mümkün deyil, çünki zamanın axışı deyə bir şey yoxdur.
Artıq dünən, bu gün, sabah deyə zaman ardıcıllığı da pozulub; dünənin sabaha, sabahın bu günə çevrilməsi an məsələsidir.
Düzənliyə yayılmış çay istiqamətsizlik mühitidir. Dağılmış zaman da bu deməkdir: hərəkət var, istiqamət yoxdur. İstiqamət olmadığı üçün dönə-dönə eyni yerdən keçirik. Həyatımız eyni günlərin təkrar-təkrar yaşanmasından ibarətdir.
Aqşin Yenisey
visiontv.az