Bu gün Kiyev təslim olmasa o zaman müharibə uzanacaq
Bu gün Kiyev təslim olmasa o zaman müharibə uzanacaq
26.02.2022 Kənan Rövşənoğlu Tərəfindən

"Hələlik bütün bunların qarşısını ala biləcək, necə deyərlər Rusiyanı dayandıra biləcək yeganə qüvvə Ukrayna ordusudur. Yalnız ordunun qətiyyətli müdafiəsi bu hücumu dayandıra bilər. Ancaq hücumun min kilometrlərlə böyük bir ərazidə bir neçə istiqamətdən baş verməsi və Ukrayna ordusunun silah və texnika baxımdan Rusiya ordusundan geri qalması ilk saatlarda öz sözünü deyib. Lakin sonrakı günlərdə Ukrayna ordusu müqavimət səddi yaradıb Rusiya qüvvələrini dayandıra bilsə, o zaman savaşın uzanması və hətta hərbi əməliyyatların dayanması ehtimalı yüksəlir. Bunu isə yaxın 3 gündə biləcəyik".

Bu sətirləri müharbə başlayan gün yazmışdım. İstənilən müharibənin ilk günləri hücum edənin psixoloji və taktiki üstünlüyü olur. Xüsusən də bu cür geniş miqyaslı hücumlar zamanı. Amma təxminən 2-3 gündən sonra o şok keçir və qarşı tərəf toparlanıb müqavimət göstərir. 

Sonrakı günlər isə belə desək döyüş şərtləri bərabərləşir. Hücum edən tərəfin daha çox itki verməsi müharibənin qanunudur. Buna görə də ruslar daha çox itki verə bilər. Ruslar üçün ikinci təhlükə böyük şəhərlərdir. Çünki heç bir ordu böyük şəhərdə ciddi itki riskindən sığortalanmayıb. 

Başqa sözlə, əgər bu gün Kiyev təslim olmasa o zaman müharibə uzanacaq. Amma Ukraynanın qələbəsindən danışmaq hələ tezdir. Bir şey var ki, bu gündən etibarən müharibə daha amansızlaşacaq. Əgər Ukrayna ordusu müqavimət göstərə bilsə, iri şəhərləri qoruya bilsə, o zaman Rusiya dayanmağa məcbur olub Donets və Luqanskla kifayətlənməli olacaq. Gürcüstanda olduğu kimi.

Kənan Rövşənoğlu

Visiontv.az