Bir xalq müstəqil olmayanda...
Bir xalq müstəqil olmayanda...
09.05.2024 Bəybala Mirzəyev Tərəfindən

Müharibələr dünyanın bütün xalqları üçün fəlakətdir, lakin müstəqil olmayan xalqlar üçün ikiqat fəlakətdir.

Əfsuslar olsun ki, biz də hər iki dünya müharibəsi baş verən zaman ikiqat fəlakətlə üzləşən xalqların sırasında olmuşuq. Çünki öz müstəqil dövlətimiz olmayıb. Müstəmləkə olmuşuq. Keçmiş çar Rusiyası da, keçmiş SSRİ hökuməti də Azərbaycan xalqının iradəsinin ziddinə olaraq yüzminlərlə soydaşımızı savaş cəbhələrinə göndərib.

Birinci Cahan savaşında (1914–1918) rus ordusu sıralarında 200-ə qədər azərbaycanlı zabit qulluq edib, döyüşüb. Onların arasında məşhur generallarımız da var. Həmçinin çar hökuməti Rusiya ordusunun tərkibində azərbaycanlılardan ibarət süvari dəstə də yaratmışdı. Bu dəstə rəsmi olaraq "Tatar süvari alayı" adlanırdı. Lakin bəzi çar generalları və rus şovinistləri isə bu alayı həqarətlə "vəhşi diviziya" adlandırırdılar.

1915-ci il iyunun 15-də çar hökumətinin verdiyi fərmana əsasən, 23 yaşına qədər olan gənclərin bir çoxu müharibə ilə əlaqədar olan işlərə səfərbərliyə alınırdı. Bunun nəticəsində Azərbaycanın ən çox əmək qabiliyyətli kənd əhalisinin 30 faizi təsərrüfatdan ayrılaraq arxa cəbhə işlərinə - neft hasilatına, silah tədarükünə, tikinti işlərinə və s. cəlb olunmuşdu.

İki qəddar ideologiyanın (rus-sovet bolşevizminin və alman faşizminin) və iki quduz liderin (Stalin və Hitlerin) törətdiyi İkinci Dünya müharibəsi isə Azərbaycan xalqına daha böyük itkilər hesabına başa gəldi.

Bu müharibədə Azərbaycandan 681 min şəxs iştirak edib, onlardan 10 min nəfəri qadın olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər döyüş yolu keçib. Nəticədə 300 min soydaşımız sovet-alman cəbhəsinin müxtəlif istiqamətlərində döyüşlərdə həlak olub. Mənim babam və böyük əmim də 1942/43-cü illərdə gedən ağır döyüşlər zamanı həlak olub.

Ancaq faciə təkcə 300 min insanımızın birbaşa döyüş cəbhələrində ölməsində deyil. Həmin vaxt arxa cəbhədə bir çox insanlarımız aclıqdan həlak olublar. Dövrün şahidləri bir çox insanların acından ölməmək üçün hətta ölmüş heyvanların ətini yeyib, meşələrdən yığılan giləmeyvələrlə, ot-əncərlə dolandıqlarını deyir. Qadınlarımız isə ön cəbhəyə kömək üçün hətta barmaqlarındakı üzükləri də müharibə fonduna təhvil veriblər.

Minlərlə azərbaycanlı cəbhədən şikəst halda qayıdıb. Həmin dövrdə Azərbaycanın şəhər və kəndlərində əlini, qolunu itirmiş müharibə veteranlarının sayı-hesabı yox idi. Bir çox ailələr isə, ümumiyyətlə, tamamilə başsız qalmışdı.

Bir alov və mətn şəkili ola bilər

Neftimiz, taxılımız, pambığımız bütünlüklə cəbhənin ehtiyaclarına sərf olunub. Rusların “Böyük Vətən Müharibəsi” adlandırdığı İkinci Dünya müharibəsində Azərbaycan nefti həlledici rol oynayıb. Düzdür, indiki ruslar bunu etiraf etməsələr də, lakin həmin vaxt SSRİ-də istehsal olunan neftin 75-80%-ni məhz Azərbaycan nefti təşkil edib.

Bir sözlə, biz bir yandan alman faşizimi üzərində qələbə qazanılmasında olduqca önəmli rol oynamışıq, qələbədə böyük payımız var, o biri yandan isə ağır itkilərə məruz qalmışıq. Müharibə həm insanlarımızın həyatını məhv edib, həm də sərvətlərimizin sömürülməsinə səbəb olub.

Əsir düşən soydaşlarımız isə müharibədən sonra dünyanın müxtəlif ölkələrində mühacir həyatının bütün ağrı-acılarını bilavasitə öz üzərlərində hiss edərək məşəqqətli ömür sürüblər. Əsirlikdən qayıdıb sovet dövlətinə könüllü təslim olanlar isə dərhal güllələnib.

Bütövlükdə isə, hər iki dünya müharibəsində azərbaycanlılar bəlkə də “Hərb və Sülh” romanına sığmayacaq qədər əzablı yollardan keçiblər. Bunun da əsas baiskarı çar və sovet imperiyaları olub. Onlar həmin dövrdə müstəmləkə altında saxladıqları bir çox digər xalqlar kimi bizi də iradəmizin ziddinə olaraq müharibənin qaynar “qazan”ına atıb, taleyimizlə oynayıblar. Əgər həmin vaxt müstəqil dövlətimiz olsaydı yəqin ki, qeyd etdiyim olmazın müsibətləri də yaşamazdıq.

Yeri gəlmişkən, ermənilərin əli ilə başımıza gətirilən bütün soyqırımları, repressiyalar və deportasiyalar da məhz müstəqil olmadğımız vaxtlarda (çarizm və sovetlər dönəmində) baş verib.

P.S.

Ukraynalı ekspertlərdən birinin söylədiyi kimi Rusiyanın tərkibində və ya Rusiya ilə qonşu olan xalqlar həmişə qanlı dönəmlərdən keçəcəklər. Çünki Rusiya qandan başqa heçnə bəxş etməyi bacarmır...

Ona görə də müstəqilliyimizin qədrini bilməli və indikindən daha güclü dövlətə çevrilmək barədə düşünməliyik.

Bəybala Mirzəyev

visiontv.az