Azərbaycan və Rusiya İT və rabitə sahəsində genişmiqyaslı əməkdaşlığa başlayır
21.05.2021

Moskva şəhərinə işgüzar səfər edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Rusiya Federasiyasının rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev və “Roskosmos” dövlət korporasiyasının baş direktoru Dmitri Roqozinlə ikitərəfli görüşlər keçirib.

Nazir Maksut Şadayevlə keçirilmiş görüşdə iki ölkə arasında “bulud” texnologiyaları, elektron imzanın tətbiqi üçün açıq açar infrastrukturu sahələrində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. Qeyd olunan sahələrdə milli qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən kadr hazırlığı üzrə əməkdaşlığın gücləndirilməsinə dair razılığa gəlinib.

Baş direktor Dmitri Roqozinlə təşkil olunmuş görüşdə isə Azərbaycan Respublikasının Kosmik Agentliyi ilə “Roskosmos” arasında əməkdaşlığın cari vəziyyəti və perspektiv birgə layihələr müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin arasında Moskva şəhərində keçirilmiş görüş çərçivəsində “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Sazişi Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, Rusiya tərəfdən isə rəqəmli inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Maksut Şadayev imzalayıb.

Saziş Azərbaycanla Rusiya arasında telekommunikasiya sektorunun tənzimlənməsi, rəqəmli televiziya və radio yayımı, internetin idarə edilməsi, şəbəkə təhlükəsizliyi, elektron imzaların qarşılıqlı tanınması, poçt xidmətləri, innovasiyalar, rabitə və informasiya texnologiyaları sahəsində kadr hazırlığı və profil sahələrdə texnologiya transferi kimi məsələləri əhatə edir.