Azərbaycan sərhəddini qanunsuz keçən hər bir Fransa vətəndaşı bilindiyi an tutulub saxlanacaq
Azərbaycan sərhəddini qanunsuz keçən hər bir Fransa vətəndaşı bilindiyi an tutulub saxlanacaq
19.01.2022 Sahib Alıyev Tərəfindən

Fransanın xarici işlər naziri Jan-İv Le Drianın İl-de-Frans regional şurasının sədri Valeri Pekreslə yandaşlarının Qarabağa qanunsuz səfəriylə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyevin açıqlamasının «məzmun və formaca düzgün» olmadığını deməsi ya onun beynəlxalq normalardan xəbərsizliyindən, ya da bu normaları ölkəsi üçün keçərli saymamasından irəli gəlir.

Fransanın son zamanlar sərgilədiyi davranış göstərir ki, elə ikinci variantdır. Amma hansı variant olur-olsun, Azərbaycan sərhəddini pozanlar Preizident İlham Əliyevin də vurğuladığı kimi tutulub saxlanacaq. Bu, hamı, o sıradan Fransa prezidentliyinə namizəd üçün də, fransız millətçisi kimi davransa da, başqa ölkənin kəşfiyyatına bağlı olanlar üçün də keçərlidir.

Kəşfiyyat demişkən, bilirik ki, Fransa Parlamentində Erik Siotti kimi yaramazlar var və belə getsə, çoxalacaqlar da, amma maraqlıdır, niyə orada Jan-İv Le Driandan Rusiyanın Qarabağdakı hərbi kontingentinin madam Pekresin Xankəndinə qanunsuz səfərinə böyük həvəslə şərait yaratmasının səbəbini soruşan bir deputat belə tapılmadı? Kimsəyə sirr deyil ki, burada məqsəd aprelin onunda keçiriləcək Prezident seçkisində Fransadakı hay diasporunu Pekresi dəstəkləməyə həvəsləndirmək idi. Arbatdakılar niyə məhz bu madamın Prezident olmasını istəyirlər, Fransada onun səbəbini araşdıran varmı? Bu, təkcə onun uşaqlığının bir hissəsini "Artek"də keçirməsi, gəncliyində Moskvaya ardıcıl səfərlər etməsi və rus dilini də az-şox bilməsiyləmi bağlıdır?

Prezident İlham Əliyevin beynəlxalq normalara, ən əsası da Azərbaycan qanunlarına dayanan açıqlamasını "forma və məzmunca düzgün saymayan"lar, gələcəkdə ölkələrinə rəhbərlik iddiasına düşən və açıq deyək, buna şansı da olan birinin Xankəndinə qanunsuz səfərini "şərq xristinalarına” dəstək kimi təqdim etməsinə, Fransa həbsxanalarındakı müsəlmanların isə cəza müddətləri bitdikdən sonra belə azadlığa çıxmalarına izn verməyəcəyi haqda dediklərinə nə cür baxırlar? Addımbaşı insan haqlarından, demokratiyadan dəm vuranlara belə bir düşüncə və əxlaq daşıyıcısı necə rəhbərlik edə bilər? Əgər edə bilərsə, demək, Fransanın gələcəyi doğrudan da qaranlıqdır.

Yeri gəlmişkən, madam Pekres özü haqda deyir ki, guya onun üçdən ikisi Anqela Merkeldən, üçdən biri isə Marqarit Tetçerdən ibarətdir. Əlbəttə, cəfəngiyatdır, o, hara, xanım Merkellə Teteçer hara. Amma bəri başdan demək olar ki, Pekres kimilərin başında durduğu Fransa etdiyi hərəkətlərin üçdə ikisiylə Ermənistanı, üçüdə biri ilə isə Ermənistanın və həmən madamın bağlı olduğu ölkəni xatırladacaq. Jan-İv Le Drian kimilərin açıqlamalrından görünür ki, Fransa Azərbaycana yanaşmasında elə indinin özündə də Ermənistandan az fərqlənir.

Millət vəkili Sahib Alıyev

Visiontv.az