Azərbaycan mədəniyyətini “Yumşaq güc”ə çevirmək iddiası...
04.02.2026

“Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasında Azərbaycan mədəniyyətini “Yumşaq güc”ə çevirmək kimi bir iddia var. Amma “Yumşaq güc” nədir, necə yaranır sualı ortada görünmür. Bu, əlbəttə ki, mədəni gücdür, amma necə bir mədəniyyətin gücüdür?

Anlayışın tarixinə baxaq. Romalılar Yunanıstanı işğal edəndən sonra yunan fəlsəfəsiylə tanış oldular. Bu fəlsəfəni öz mədəniyyətləriylə müqayisə edib üstünlüyü yunan fəlsəfəsinə verdilər. Yunan müəllimlərini əsir alıb evlərinə gətirdilər ki, övladlarına dərs versinlər. Romalı uşaqlar yunan fəlsəfəsi və yunan diliylə böyüdülər. Tezliklə Roma ərazilərində yunandilli Afina məktəbləri açıldı. Roma yunanlaşdı.

Elə ki, xristianlıq yayıldı və VI əsrdə yunan məktəbləri qapadıldı, yunan müəllimləri Bizansdan İrana dəvət olundular. Bu dəfə Sasani mədəniyyəti yunan fəlsəfəsi və elmiylə zənginləşdi. Farslar beyinlərini yunanlara təslim etsələr də dillərini təslim etmədilər. Yunan mədəniyyəti fars dilində “yumşaq güc”ə çevrildi və farslar ərəbləri də, türkləri də, monqolları da fars dilində olan bu “Yumşaq güc”ün əsarətində saxlaya bildilər. Ərəblər fars dilindəki dünyəvi bilgiləri tərcümə edib özləriylə apardılar. Türklər eynən Romalılar kimi uşaqlarını fars müəllimlərinə tapşırdılar. Monqollar isə assimilyasiya oldular.

Yekaterinanın vaxtında ruslar qapılarını Avropa fəlsəfəsinə və elminə taybatay açdılar. Yekaterina Didro, D. Alamber kimi fransız fikir adamlarını Rusiyaya çağırıb onların fikirlərində “Rusiyada nə etməli” sualına cavab axtarırdı. Hətta Ermitaj-ı tikdirəndən sonra Didroyla əlbir olub qaçaqmalçılıq yoluyla Avropadan gəmilərlə xeyli sənət əsəri də Rusiyaya daşıya bilmişdi.

Bu gün “Yumşaq güc” özünün kütləvi mədəniyyətini dünyaya yayan Amerikanın əlindədir və buna ən sərt şəkildə müqavimət göstərən Avropadır.

Ümumiyyətlə, “Yumşaq güc” zamanla yer dəyişə bilir. Məsələn, inkivizisiyanın baş kəsib qan tökdüyü XV-XVI əsrlərdə “beyin köçü” Qərbdən Şərqə doğru yönəlmişdi. Bu gün Şərqin ağıllı adamları Avropaya köçdüyü kimi, Orta əsrlərdə də Avropanın ağıllı adamları Şərqə qaçırdılar.

Bu cür tarixi faktların sayını artırmaq olar. Amma bu əsas mətləbi dəyişməyəcək. “Yumşaq güc” elm və fəlsəfənin yaratdığı mədəniyyətin gücüdür. “Beyin köçü” hansı səmtə istiqamətlənibsə “Yumşaq güc” də oradadır. “Yumşaq güc” cəlb etmir, cəzb edir. Yəni biz Azərbaycan mədəniyyətini “Yumşaq güc”ə çevirmək istəyiriksə, mədəniyyətin mərkəzində elmin və fəlsəfəninin mövqeyini elə bir səviyyəyə qaldırmalıyıq ki, ən azından, yaxın coğrafiyada bu səviyyənin tayı-bərabəri olmasın.

Əgər biz “Yumşaq güc” dedikdə Natiq ritm qrupunun, tutalım, Fransada ifasını başa düşürüksə, bu, kökündən bərbad düşüncədir. Əvvala nağara kifayət qədər fiziki güc tələb edən bir alətdir. İkincisi də, dünyada heç bir xalq heç vaxt belə bir arzuyla alışıb-yanmayacaq ki, kaş bizim övladlarımız da azərbaycanlıların nağarasını döyəcələyə biləydi.

Aqşin Yenisey

visiontv.az