"DW" yazır ki, alman dili Türkiyədə ingilis dilindən sonra ən çox öyrənilən əcnəbi dildir. Niyə belədir? Çünki Almaniyanın iqtisadiyyatı son dərəcə möhtəşəmdir. Təkcə türklər yox, Avropanın əksər xalqları alman dilini öyrənməyə çalışırlar. Çünki bu dilin köməyi ilə Almaniyada müəyyən iş yeri tapmaq mümkündür...
Ümumiyyətlə, əcnəbi dilləri bilmək son dərəcə önəmlidir. Təbii ki, ingilis dilini bilmək mütləqdir. Qərb ölkələrində ingilis dilini bilməmək ayıb sayılır. Bizim gənclərimiz də ingilis dilini mükəmməl bilməlidir. Ancaq bəzən ingilis dilini bilmək də yetmir. Gərək əlavə bir dil də öyrənəsən. Bu baxımdan alman və fransız dilləri xüsusi önəm daşıyır. Məsələn, mən gənclərimizə alman dilindən daha çox fransız dilini məsləhət görərdim. Niyə? Çünki ingilis dili german dil qrupuna daxildir. İngilis dilini bilən alman dilini sürətlə öyrənə bilər. Fransız dilini öyrənməyin üstünlüyü ondadır ki, bu dil latın dilləri qrupuna daxildir. Yəni fransız dilini bilən şəxs asanlıqla italyan, ispan, portuqal dillərini də öyrənə bilər...
O da sirr deyil ki, əlavə dil bilmək adama ciddi şəkildə üstünlük verir. Bəzən deyirlər ki, mən Azərbaycanda yaşayıram, ingilis dili mənim nəyimə gərəkdir ki? Əlbəttə, bu, praqmatik yanaşma deyil. Təbii ki, belə düşünən adam nəyinki ingilis dilini, ümumiyyətlə, əcnəbi dil öyrənməyəcək...
Elbəyi Həsənli
visiontv.az