ABŞ Prezidenti Donald Tramp ölkənin enerji şəbəkəsinə yönələn təhlükələrlə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq olunmasına qərar verib və bu sistemdə bəzi xarici texniki avadanlıqların istifadəsini məhdudlaşdırıb.
Bununla bağlı imzalanmış sərəncam Ağ Evin rəsmi internet səhifəsində yerləşdirilib.
"Enerji sistemləri üçün xaricdən elektrik avadanlıqlarının tədarükü ilə bağlı vəziyyətin ABŞ-nin milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına qeyri-adi və fövqəladə təhlükə yaratdığını hesab edirəm. Bu təhlükə tamamilə və ya əhəmiyyətli dərəcədə ölkə hüdudlarından kənardan qaynaqlanır və mən bununla əlaqədar olaraq ölkədə fövqəladə vəziyyət elan edirəm.
Bu təhdid həm ayrı-ayrı müqavilələr, həm də ümumi sövdələşmələr zamanı mövcuddur. Həmin təhlükənin qarşısını almaq məqsədilə ABŞ-də istifadə olunan elektrik avadanlıqlarının təhlükəsizliyini, bütövlüyünü və etibarlılığını qorumaq üçün əlavə tədbirlərin görülməsi zəruridir", - deyə sənədin mətnində bildirilir.
Trampın qərarına əsasən, ABŞ enerji şəbəkəsinin boşluqlarından kiberhücumlar üçün istifadə edə biləcək xarici istehsal olan bir sıra elektrik avadanlıqlarının, kritik əhəmiyyətli proqram təminatının və rəqəmsal komponentlərin alınması və quraşdırılması qadağan edilir. Bu cür texnikalara yüksəkgərginlikli transformatorlar, Günəş və akkumulyator sistemləri üçün invertorlar, generatorlar, rele mühafizə cihazları və "ağıllı elektron qurğular" daxildir.
Energetika nazirinə digər qurumlarla koordinasiyalı şəkildə riskləri aradan qaldırmaq üçün artıq quraşdırılmış idxal avadanlıqlarının istismar şərtlərini, həmçinin sərəncamın təsiri altına düşən cari və gələcək müqavilələrin dayandırılması müddətini və qaydasını müəyyən etmək səlahiyyəti verilib.
İyul ayının əvvəlində Tramp müsahibəsində ölkədə elektrik enerjisi istehsalının iki dəfə artacağına ümid etdiyini bildirmişdi. ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə iyunun sonlarında açıqlamasında məlumat mərkəzlərinin fəaliyyəti üçün zəruri olan enerji infrastrukturunun fəal inkişafı sayəsində Çinin süni intellekt sahəsində Birləşmiş Ştatları qabaqladığını etiraf etmişdi.
visiontv.az