ABŞ-də 10 faizlik tarif qüvvəyə minib
24.02.2026

Fevralın 24-də ABŞ-də istisnalar siyahısında olmayan bütün mallara 10 faizlik yeni rüsum tətbiq olunub. Prezident Donald Tramp fevralın 20-də bu tarifi elan etmişdi, bir gün sonra isə rüsumu 15 faizə qaldıracağını vəd etmişdi.

"Reuters" yazır ki, bu addım ABŞ-nin ticarət siyasəti ətrafında çaşqınlıq yaradıb, daha aşağı tarif qoyulmasına izahat verilməyib. "The Financial Times" Ağ ev rəsmisinə istinadla 15 faizlik tarifin daha sonra qoyulacağını yazır. "Reuters" bunu təsdiqlədə bilməyib.

"Bu gecə Tramp illik müraciətini edəcək, tariflərlə bağlı növbəti addımları daha yaxşı anlayacağımız mümkündür", – "Deutsche Bank" yazıb.

Yeni tariflər gecəyarıdan qüvvəyə minib. Ali Məhkəmənin ləğv etdiyi tariflərin yığılması isə dayandırılıb. Həmin rüsumlar 10-50 faiz arası dəyişirdi.

İndi şirkətlərin ödədikləri rüsumları geri ala biləcəyi, bunun necə gerçəkləşəcəyi dəqiq bilinmir.

Aİ ABŞ tariflərində artımı qəbul etməyəcək: 'Söz danışıqdan keçər'

Avropa Komissiyası ABŞ-dən ötənilki Aİ-ABŞ ticarət sazişinin şərtlərinə əməl etməyi tələb edib.

Komissiya Aİ-nin 27 üzvü adından ticarət siyasəti üzrə danışıqlar aparır. Qurum bildirib ki, məhkəmənin qərarından sonra Vaşinqton planlaşdırdığı addımları aydın izah etməlidir.

Fevralın 20-də ABŞ Ali Məhkəməsi Donald Trampın qlobal tariflərini ləğv edib. Amma prezident 10 faizlik müvəqqəti ümumi tariflər elan edib, bir gün sonra isə bunu 15 faizə qaldırıb.

Komissiya bildirib ki, mövcud vəziyyət ötənilki ticarət razılaşmasının şərtlərini müəyyən edən birgə bəyanata uyğun deyil. Bəyanatda hər iki tərəf ədalətli, balanslı və qarşılıqlı faydalı transatlantik ticarətə və investisiyaya razılaşıb. "Söz danışıqdan keçər", – qurum vurğulayıb.

Ötənilki ticarət sazişi ABŞ-də Aİ mallarının əksəriyyəti üçün 15 faizlik tarif müəyyən edib. Polad kimi ayrı-ayrı sektorlar üzrə tariflər istisnadır. Təyyarələr və ehtiyat hissələri kimi bəzi məhsullar üçün sıfır tarif nəzərdə tutulub. Aİ bir çox ABŞ mallarına idxal rüsumlarını ləğv etməyə razılaşıb, daha yüksək rüsumlar qoymaq təhdidindən əl çəkib.

Trampın yeni 15 faizlik tariflərinin Aİ-ABŞ sazişini əvəz edib-etmədiyi aydın deyil. Belə olduğu halda, Aİ üçün sıfır tarif istisnaları qüvvədən düşə bilər. Yeni tariflər ABŞ-nin "ən əlverişli ölkə" rüsumlarına əlavə oluna bilər ki, bu da Aİ-ABŞ sazişində nəzərdə tutulmayıb.

ABŞ Ali Məhkəməsi Trampın digər ölkələrə qarşı tariflərini qanunsuz saydı

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın digər ölkələrə qarşı tariflərini, əsasən, qanunsuz sayıb. Buraya bütün ölkələrdən idxala qarşılıqlı rüsumlar, Kanada, Meksika və Çindən gətirilən mallara 25 faizlik tariflər daxildir. Xəbəri "The Wall Street Journal" yayıb.

Məhkəmənin qərarında deyilir ki, Tramp 1977-ci il Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) istinad edərkən öz səlahiyyətlərini aşıb. "Konqres prezidentə tariflər tətbiq etmək üçün xüsusi və fövqəladə səlahiyyət vermək istəsəydi, bunu açıq şəkildə edərdi", – qərarda belə deyilir.

"The Wall Street Journal" yazır ki, Trampın ikinci prezidentlik müddətində ilk dəfədir Ali Məhkəmə onun siyasi qərarlarından birini qətiyyətlə ləğv edir. Digər sahələrdə məhkəmənin mühafizəkar çoxluğu Trampa geniş səlahiyyətlər tanıyıb.

Qərar digər qanunlar əsasında polad və alüminiuma tətbiq olunan tariflərə aid deyil.

Ləğv edilən rüsumların 10 il ərzində təxminən trilyon yarım dollar gəlir gətirəcəyi gözlənilirdi.

Qərarda deyilir ki, artıq bu rüsumları ödəmiş şirkətlər Maliyyə Nazirliyindən vəsaitlərin geri tələb edə bilərlər. Yüzlərlə şirkətin belə iddialar qaldırdığı bildirilir.

Tramp bəzi tarifləri digər hüquqi mexanizmlər vasitəsilə yenidən tətbiq edə bilər, amma bu, daha çox vaxt aparacaq.

Prezident 2025-ci ilin fevralında Kanada, Çin və Meksikadan idxal olunan mallara rüsumlar qoyub. O, qərarını ABŞ sərhədlərindən fentanil və digər qanunsuz narkotiklərin keçməsinin qarşısının alınması tədbirlərinin yetərsizliyi ilə əsaslandırıb.

Apreldə Tramp, demək olar ki, bütün ölkələrdən idxala 10 faizlik ümumi rüsum tətbiq edib.

Tariflər məhkəmə prosesi boyunca qüvvədə idi.

visiontv.az