2025: hədəflənən prioritetlərə baxış və perspektivlər
10.01.2025

Məharətli hərbi və siyasi-diplomatik strategiya.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində ordumuzun torpaqlarımızın beynəlxalq hüquqa zidd hərbi işğalına son qoyması region dövlətlərinin mənafeyinə xidmət edən və beynəlxalq əməkdaşlıq üçün əlverişli şərait yaratmışdır. Azərbaycan Liderinin qlobal və regional miqyasda sülhü və konstruktiv əməkdaşlığı özündə ehtiva edən təşəbbüsləri beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir və dövlətimizin mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycanın 22 dövlətlə strateji tərəfdaşlıq münasibətləri var.
Vətən müharibəsindən sonra beynəlxalq mövqelərini daha da möhkəmləndirən Azərbaycan hərbi-texniki məhsullarımızın ixrac coğrafiyasını genişləndirməklə yeni tərəfdaşlar qazanır, həmçinin hərbi-sənaye kompleksini müasirləşdirir və bir ilk olaraq yerli özəl sektoru da bu sahəyə cəlb edir.  Suverenliyimizin tam bərpasından sonra aparılan fəal xarici siyasət sayəsində ölkəmizə dost dövlətlərin sayı bütün qitələrdə artır, Vaxtilə mövcud olmadığımız bölgələrlə indi ciddi təmaslar qurulur. Bunun üçün əsas meyarlar prinsipial olaraq dəyişməz qalır: Azərbaycan dövlətinin suverenliyinin tam bərpasına olan münasibət, iki və çoxtərəfli formatda bir-birinin daxili işlərinə qarışmamaq və qarşılıqlı hörmət əsasında əməkdaşlığın inkişafı. Ənənəvi dost dövlətlərlə isə əlaqələr daha da gücləndirlir, münasibətlərdə yeni şəbəkələşmə vasitəsi ilə mövqeyimiz qlobal və regional miqyasda daha da möhkəmləndirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirən Azərbaycan etibarlı tərəfdaş kimi kimi qəbul edilir. 
2025-ci ildə də Azərbaycan Respublikasının beynəlxalq münasibətlər sistemində uğurlu fəaliyyətinin təmini, o cümlədən beynəlxalq tədbirlərin təşkili məqsədi ilə dövlət büdcəsində 754,2 milyon manat məbləğində vəsait ayırlması bu sahənin də prioritet istiqamətlərdən olduğunu göstərir. Belə ki, vəsaitin 238 milyon manatı beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili üçün planlaşdırılır, bu da ötən illə müqayisədə 37.1 milyon manatlıq bir artım deməkdir. 
2020-ci il Vətən müharibəsi və 2023-cü il lokal xarakterli antiterror tədbirlər nəticəsində regionda yaranmış yeni siyasi reallıqlara uyğun olmayan və əməkdaşlığa mane olan bəzi məsələlərin yaxın zamanda həlli davamlı sabitliyə ciddi töhfə verər. 

Şərti dövlət sərhədi ilə əlaqəli məsələlərin həlli

Dövlətimizin cəbhədə beynəlxalq hüquqa uyğun və beynəlxalq humanitar hüquqa riayət edilməklə əldə etdiklərininn diplomatik müstəvidə təsdiqinin davamı əsas fəaliyyət prioritetlərindəndir. Bu mənada Ermənistanla sülh müqaviləsinin açıq qalan müddəaları üzrə danışıqların davamı, həmçinin şərti dövlət sərhədində delimitasiya və demarkasiya məsələlərinin davam etdirilməsi 2025-ci ildə Azərbaycan hökumətinin fəaliyyət istiqamətlərindən olacaqdır. 1990-ci illərdə işğal edilmiş Qazax rayonunun 4 kəndinin 2024-cü ildə sülh yolu Azərbaycana qaytarılması nəticəyönümlü danışıqlar üçün müəyyən ümidlər yaradır. 
Həmçinin ümid edək ki, Polşanın rotasiya prinsipi üzrə sədrliyə başladığı Avropa İttifaqı müddəti 2025-ci ilin fevral ayında başa çatacaq Ermənistandakı sərhəd müşahidə missiyasını ləğv etmək təklifi ilə çıxış edəcək. Prezident Andye Duda hələ ötən ilin noyabrında missiyanın olduğu sərhəd bölgəsinə etdiyi skandallı səfərində bu missiyanın lüzumsuz olduğuna, etiraf etməsə də, şəxsən şahid olmuşdur. Bu missiya patrulluq müddətdə Azərbaycan tərəfinin bir dəfə də olsun, hansısa ciddi sərhəd pozuntusu etməsini qeydə almamışdır. 
Şərqlə Qərb arasında birləşdirici həlqə rolunu oynayan Azərbaycan 2025-ci ildə də regional və qlobal əhəmiyyətli təşəbbüsləri və kritik məsələlərə sərgilədiyi obyektiv mövqe sayəsində öz beynəlxalq nüfuzunu dinamik şəkildə artırmaqda davam edəcəkdir. Bu kontekstdə Naxçıvanın blokadasına son qoyulması üçün Ermənistan ərazisindən dəhlizin açılışı regionda hazırki defakto sülhün davamlı sülhə çevrilməsinə çox ciddi töhfə verə bilər.

ATƏT-in Minsk Qrupunun buraxılması

Xarici siyasət müstəvisində nail olunması hədəflənən məsələlər sırasında 1992-ci ilin martında təsis edilmiş və çoxdan funksiyasını itirmiş ATƏT-in Minsk Qrupunun ləğvi öndə dayanır. Bunu həm obyektiv siyasi, həm də hüquqi reallıq diktə edir. Minsk Qrupunun məşğul olduğu predmet 2023-cü ilin sentyabrından tamami ilə aradan qalxmışdır. Bu məsələnin hüquqi baxımından məntiqi sonluğa çatdırılması üçün Ermənistanın göstərəcəyi praqmatik yanaşma çox vacibdir. Bu məsələ ATƏT çərçivəsində onun qaydalarına görə konsensusla həll edildiyinə görə, formal olaraq Ermənistanın da razılığı tələb olunur. Baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevin Minsk Qrupunun ləğvi ilə bağlı yanaşmasını “konstruktiv yanaşma” adlandırması və ötən ilin dekabrında “1994-cü ildən (ATƏT çərçivəsində - R.N.) danışıqların Qarabağın Azərbaycana qaytarılması üzrə aparıldığı” barədə açıqlaması da Minsk Qrupunun ləğv olunmasına zəmin hazırlanması kimi şərh oluna bilər.

Ermənistanın silahlanması sülhə təhlükədir

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, Azərbaycan hərbi xərclərini 8,4 milyard manat səviyyəsinə qaldırmaqla yeni rekord hərbi büdcəni planlamışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ermənistanın başlatdığı silahlanma yarışı Azərbaycan hökumətini bu addımı atmağa məcbur edir”. Ermənistan silahlanır, həm də kənar qüvvələr tərəfindən silahlandırılır. İkinci Qarabağ Müharibəsi bitdikdən sonra Ermənistan hökuməti hər il hərbi büdcəni artırmaqda davam edib. Kapitulyasiyadan sonrakı ildə Ermənistanın hərbi büdcəsi 600 milyon ABŞ dolları olmuşdursa, yalnız 2024-2025-ci fiskal ilində Ermənistanın Hindistandan alacağı silahların dəyəri 600 milyon ABŞ dollarına bərabərdir. 2024-cü ildə Ermənistanın hərbi xərcləri 1.37 milyard dolları keçib. Ötən il post sovet məkanında Ümumi Daxili Məhsulda hərbi xərclərin ən yüksək göstəricisi olan ölkə də məhz Ermənistan oldu (4.2 %). 
Prezident İlham Əliyevin xalqa yeni il müraciətində bu mövzuda etdiyi xəbərdaqlıq ciddi təhdiddlərdən xəbər verir: “Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər”.
İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan və dünya hərb tarixində yenilik hesab olunan döyüş taktikasının dünyanın müvafiq ali hərbi məktəbləri, o cümlədən ABŞ Hərbi Akademiyasında öyrənilməsi ordumuzun malik olduğu gücün beynəlxalq müstəvidə təsdiqidir. 

İdeoloji təhlükəsizliyin təmini

Postmüharibə dövründə dövlətimizin və cəmiyyətimizin qarşısında duran vacib vəzifələr həmçinin ideoloji və informasiya təhlükəsizliyinin təmini ilə bağlıdır. Belə ki, Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatları nəticəsində yaranmış yeni geosiyasi reallıqlar fonunda Azərbaycan qarşı ideoloji təxribatlar artmağa başlamışdır. Bu təxribatlar müxtəlif platformalar mətbuat, sosial-şəbəkələr, parlamentlər, qeyri-hökumət təşkilatları vasitəsi ilə həyata keçirilir. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının cari ilin 21 dekabr tarixində yaydığı hesabatında bildirilir ki xüsusi ilə COP29 ərəfəsində 200-ə yaxın nəzarətdə olan media qurumu Azərbaycanla bağlı neqativ məlumatlar tirajlayıb. Belə ki, hesabatda ötən dövr ərzində aparılan media kampaniyası çərçivəsində dünyanın ən azı 25 nüfuzlu və 180-ə yaxın o qədər də populyar olmayan media qurumunun Azərbaycanla bağlı neqativ məlumat yaydığı qeydə alınmışdır.
Ölkəmiz əleyhinə aparılan qarayaxma kampaniyasına qarşı mübarizə kompleks yanaşma tələb edir. Hesab edirəm ki, qara yaxmalar ilk növbədə ölkənin imicinə, beynəlxalq mövqelərinə zərbə vurmağa hesablandığından qarayaxmalarla mübarizədə başlıca yol həm də ictimai diplomatiya sahəsində fəaliyyətin genişləndirilməsidir.
Prezidentin xalqımıza Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrikində “ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.” mesajı dövlətimizin bu istiqamətdə də dəyişikliklər tələbini və gözləntisini ifadə edir. 

2025-Konstitusiya və Suverenlik İli

Perspektivli xarici siyasət uğurlu daxili xarici siyasət kursundan qaynaqlanır və onu tamamlayır. Şanlı Zəfərimiz nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyinin təsdiqi olaraq 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etdi. Umummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında mühüm baza funksiyasına malikdir. Azərbaycan Prezidentinin Avropa paytaxtlarından birinə səfəri çərçivəsində beynəlxalq mətbuata müraciətlə dediyi “Azərbaycan xalqı döyüş meydanında öz ərazi bütövlüyünü, suverenliyini və ləyaqətini bərpa etmişdir” fikri Qalib dövlətimizin hər bir dövlət qurumunu və vətəndaşını yeni çağırışları dəf etmək üçün bundan sonra da əzmkarlıq, vətənpərvərlik və peşəkarlıq göstərməyə səsləyir. 
Postmünaqişə dövrünün prioritet məsələlərindən olan minatəmizləmə, bərpa-quruculuq işləri və məcburi-köçkünlərin geri qayıdışı paralel olaraq və əlaqələləndirilmiş şəkildə 2025-ci ildə davam etdiriləcək. Ermənistanın barbar işğalı nəticəsində Azərbaycanın 12% ərazisi 1.5 milyon mina və digər partlamamış hərbi sursatlarla çirkləndirilmiş vəziyyətdədir. Keçmiş işğal edilmiş ərazilərdən güctətbiq edilərək qovulan və iztirablar yaşamış yüz minlərlə Azərbaycanlı həm də bu səbəbdən həmin torpaqlara həm də bu səbəbdən geri qayıtmaqda çətinlik çəkir. Bununla belə, 2021-2025-ci illər üçün bərpasına 23 milyard manatdan çox vəsait ayrılan Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri davam etdiriləcək. Paralel məcburi köçkünlərin geri qayıdışı davamı üçün Böyük Qayıdış proqramının icra edilməsi dövlətimiz üçün prioritet məsələ olacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sözləri ilə ifadə etsək, “artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq.” 

Rizvan Nəbiyev, siyasi elmlər doktoru
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü

visiontv.az