'SpaceX' Ukraynada 'Starlink'ə məhdudiyyət qoyub, hərbi əməliyyatlar pozulub
15.10.2026

ABŞ-nin "SpaceX" şirkəti Ukraynada "Starlink"in bəzi xidmətlərinə məhdudiyyət qoyub. Nəticədə sistemin hərbi təyinatlı versiyası saatda 160 kilometrdən yüksək sürətlə hərəkət zamanı rabitəni kəsir. Bu isə döyüş tapşırıqlarının yerinə yetirilməsini əngəlləyib. Bu barədə oktyabrın 14-də Ukrayna prezidentinin müşaviri Sergiy Beskrestnov bildirib

"Müdafiə qüvvələrimizə bu məhdudiyyət barədə öncədən xəbərdarlıq olunmayıb, nəticədə bir neçə əməliyyat pozulub", –o, Telegram-kanalında yazıb.

Cənub-şərq cəbhəsinə yerləşdirilmiş 7-ci Çevik Reaksiya Korpusundakı mənbə də "Reuters" agentliyinə "Starlink"in fəaliyyətində fasilələr yarandığını təsdiqləyib.

Ukrayna hərbçiləri "Starlink"dən xüsusilə dronların buraxılmasında faydalanırlar. Könüllü Sergiy Sternenkonun sözlərinə görə, saatda 160 kilometrdən yüksək sürətlə hərəkət zamanı rabitə kəsilməyə başlayıb və nəticədə "bir sıra kritik əhəmiyyətli əməliyyatlar pozulub". Onun ehtimalına görə, ""SpaceX" bu addımı Tramp administrasiyasının xahişi ilə atıb".

"Aydındır ki, bu addım təsadüf ola bilməz və mövcud siyasi vəziyyətlə bağlıdır", – bunu isə Beskrestnov yazıb.

"Ukrainska pravda" nəşri bildirir ki, komandirlərdən biri redaksiyaya video göndərib. Videoda buludların üzərinə qalxan iki Ukrayna dronunun rabitəni itirdiyi və tapşırığı sürdürə bilmədiyi aydın görünür.

Mask Trampı dəstəkləmişdi

Mask ötən həftə ABŞ Prezidenti Donald Trampın "Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb" bəyanatını dəstəkləyib. "Zelenski həddini aşıb", – Mask yazıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya dizelinin tədarükünə dair ABŞ-Rusiya razılaşmasını tənqid etməsi fonunda Tramp Ukraynada rəhbərliyin dəyişdirilməsinin vacibliyindən danışıb.

ABŞ administrasiyası Ukraynadan Rusiyanın neft emalı zavodlarına zərbələr endirməkdən daşınmağı tələb edir.

Zelenskinin söylədiyinə görə, Ukrayna artıq ikinci gündür ki, Rusiyanın ballistik raket buraxılışları barədə adətən ona ötürülən xəbərdarlıqları almır.

Amma Ukraynanın xarici işlər naziri Andriy Sibiqa kəşfiyyat məlumatlarının mübadiləsi sahəsində əməkdaşlığın davam etdiyini bildirib. Tramp da bunu təsdiqləyib.

Hələlik nə "SpaceX" şirkəti, nə də Tramp administrasiyası Ukraynada "Starlink"in fəaliyyətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib.

visiontv.az