İlham Əliyev sərt danışdı, Mərkəzi Asiya nəqliyyat, İsrail isə tolerantlıq dedi
İlham Əliyev sərt danışdı, Mərkəzi Asiya nəqliyyat, İsrail isə tolerantlıq dedi
15.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Bu gün Bakıda keçirilən AQEM-in 7-ci Zirvəsi görüşündə ciddi siyasi mesajlar verildi. 28 üzv, 10 müşahidəçi, yəni qlobal ÜDM-in 40%-i, 47 trilyon dollar Bakıda idi. Amma çıxışlara baxanda görünür ki, hər lider Bakıya öz problem ilə gəlib. Prezident İlham Əliyevin çıxışı AQEM tarixində ən sərt çıxış oldu. O, sədrlik edən lider kimi yox, qalib lider kimi danışdı və 3 tarixi mesaj verdi.

Bir. “Uşaq qatilləri hələ cəzalanmayıb”

Prezident İlham Əliyev Ermənistanın üç keçmiş prezidentini birbaşa müharibə cinayətkarı və uşaq qatili adlandırdı. Hazırkı Baş nazirin 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deməsini və müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” hədəsini xatırlatdı.

İki. Qərbə mesaj verdi

Prezident konkret adlar çəkdi.

- BMT Təhlükəsizlik Şurası. 1993-cü ildə 4 qətnamə qəbul etdi, 30 il kağızda qaldı.

- ATƏT Minsk Qrupu. Problemi inhisara götürdü və iflic vəziyyətə saldı.

- Avropa Parlamenti və Avropa Şurası. “Beynəlxalq münasibətlərdə anaxronizm və atavizmin iki nümunəsi”. Yəni dövrü keçmiş, tarixin zibilliyinə atılmalı qurumlar.

Mesaj təqribən bu idi, əgər siz vaxtında hüquqi ölçü götürsəydiniz, biz bunu tankla həll etməli olmazdıq.

Dörd. “Nürnberq analoqu”

Çıxışın ən sensasiyalı hissəsi bu əlavə oldu: “Bir sutkadan az müddətdə Ermənistanın Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın etdik. Bu, mahiyyətcə Nürnberq tribunalının analoqu idi. Yalnız bu dəfə müttəhimlər kürsüsündə erməni faşistləri oturmuşdu. Bizi tanklarda gəlib Bakını işğal edəcəkləri və burada çay içəcəkləri ilə təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər, onların tankları isə Hərbi Qənimətlər Parkında nümayiş etdirilir.” Və sonda bildirdi ki, bütün 38 ölkənin lideri Zəfər Parkını, Zəfər Muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət edə bilər.

Bu, artıq diplomatiya deyil, qalibiyyətin nümayişidir. Bakı deyir ki, ədaləti BMT vermədi, biz özümüz bərpa etdik. İndi gəlin görün o ədalət necə görünür. Və sonunda ən vacib cümlə: “Biz artıq məğlub olana zərbə endirmədik. Biz sülh təklif etdik. Bir ildən çoxdur sülh içində yaşayırıq. Bu sülh hələ də kövrəkdir.” Yəni mən cəzalandırdım, amma qisas almadım. İndi bu kövrək sülhə siz zəmanət verin.

Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə tamamilə başqa gündəmlə danışdı. Onun üçün AQEM sülh klubu deyil, biznes klubudur. Və 4 təklif verdi.

1. Transxəzər fiber-optik kabel. Bu, Orta Dəhlizin rəqəmsal versiyasıdır.

2. Nəqliyyat dəhlizləri doktrinası. Tokayev açıq dedi ki, Ortaq dəhlizlər etimadın ən təsirli vasitəsidir. Və 4 dəhlizi bir yerdə sadaladı. Çinin “Bir kəmər, bir yol”u, Rusiya-İran-Hindistanın “Şimal-Cənub” dəhlizi, Azərbaycan-Qazaxıstanın “Orta Dəhliz”i və ABŞ-ın təklif etdiyi TRIPP, yəni Zəngəzur dəhlizi. Bu, Bakı üçün tarixi dəstəkdir. Qazaxıstan deyir: Zəngəzur açılmalıdır, çünki hamımızın yoludur.

3. Su Tərəfdaşlığı. Asiyada dünya əhalisinin 60%-i yaşayır, amma suyun yalnız 35%-i burdadır. Adambaşına ən az su burdadır. Bu, Mərkəzi Asiya üçün müharibəyə səbəbidir. Tokayev Bakıda Su Platforması yaratmağı təklif etdi.

4. Süni İntellekt Mərkəzi.

Tokayev həm də dedi ki, Cənubi Qafqazda uzaqgörən liderliyin nəticələrini görürük. Azərbaycan-Ermənistan barışığını alqışlayırıq. Bu, İlham Əliyevin “kövrək sülh” tezisinə Astanadan gələn zəmanətdir.

Çıxışlar arasında İsrail Prezidentinin çıxışı ən çox müzakirə olunacaq çıxış oldu. Hersoq 3 cümlə ilə Bakını müdafiə etdi:

1. “Bu zirvənin Bakıda keçməsi əlamətdardır. Çünki Azərbaycan çox tolerant ölkədir.”

2. “Azərbaycan çoxlu təzyiqlər olduğu şəraitdə beynəlxalq sülh üçün vacib addımlar atır.”

3. “Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilib.”

Bu, Azərbaycan edilən təzyiqlərə 38 ölkənin qarşısında verilən cavab idi. Amma Hersoq daha irəli gedərək dedi ki, sülh terrorla yanaşı mövcud ola bilməz və əməkdaşlıq boykotlarla inkişaf edə bilməz. Bu, açıq şəkildə AQEM-də İsrailə qarşı boykot istəyənlərə cavab idi. Və vacib detal. ABŞ Dövlət katibi Marko Rubionun Mərkəzi Asiyaya səfərini vacib adlandırdı. Yəni İsrail-Amerika xətti də Orta Dəhlizlə maraqlanır.

Toplantıda 3 dünya toqquşdu. Azərbaycanın ədalətli dünya dedi. BMT işləmədi, biz özümüz Nürnberqimizi qurduq. İndi sülh kövrəkdir, onu qoruyun.

Qazaxıstan və Mərkəzi Asiyanın tranzit dünyası deyir ki, müharibəni qurtarın, bizə yol, su və kabel lazımdır. Etimad yolla ölçülür. İsrail tolerantlıq dünyası deyir. Tolerant ölkə olan Azərbaycan olmasa, biz bir-birimizlə danışa bilmərik deyir.

Və bu üç fərqli dünya bir məsələdə razılaşdı ki, Azərbaycanın sədrliyi 2028-ə qədər uzadılsın.

Şöhrət El-Dəniz

visiontv.az