Azərbaycanda dünyəvilik niyə bu qədər kövrəkdir?
Azərbaycanda dünyəvilik niyə bu qədər kövrəkdir?
15.10.2026 Şöhrət El-Dəniz Tərəfindən

Bir az da özümüzü tənqid edək. Belə bir vəziyyətin yaranmasında bizim də günahımız var. Özü də hamımızın.

Sadə sual verək. Bu gün Azərbaycanda bir ana qızına niyə qara çadra geyindirir? Çünki o ananın beynində 20 ildir kənardan ixrac olunan eyni filmin kadrları təkrarlanır.

Biz maarifləndirmə deyəndə təqribən bu cür başa düşürük: Nazirlik əmr versin, direktor iclas keçirsin, müəllim valideyni danlasın. Vəssalam.

Onlar maarifləndirmə deyəndə isə bu cür başa düşürlər. Serial çək, film çək, mahnı yaz, hekayə danış.

Nəticə göz qabağındadır. Biz böyük hesabla uduzuruq. Çünki ideologiya əmrlə yox, hekayə ilə qalib gəlir.

Gəlin səmimi olaq, son 30 ildə dünyəvilik, milli dəyərlər, azərbaycanlı qadının azad obrazı haqqında nə istehsal etmişik?

Məsələn ədəbiyyatda hansı yeniliklər olub? Bəyənmədiyimiz sovet ədəbiyyatına aid köhnə əsərlər və keçən əsrin əvvəlində formalaşan ziyalı təbəqənin yazılı mövqeyi. Müasir gənclərin əksəriyyəti isə ya Qumda tərcümə olunmuş “Əhli-Beyt sevgisi”, ya da Türkiyədən gələn təriqət ədəbiyyatı oxuyur. Azərbaycan ədəbiyyatcısının yazdığı və dünyəvi qadın obrazı yaratdığı son böyük roman hansıdır? Təbii ki, yadınıza düşməyəcək.

Teatrda. Akademik Dram teatrında ildə bir dəfə Cəlil Məmmədquluzadənin “Ölülər”i qoyulur, ya yox. Ona da gedən yoxdur. Bu istiqamətdə yenilik niyə edə bilmirik?

Kino və seriallar.

Son 20 ildə çəkilən Azərbaycan seriallarına baxın. Ya oğru-quldur davası, ya qohum-əqrəba qısqanclığı, ya da bayağı toy komediyası. Heç birində dünyəvi, oxumuş, müasir, azad Azərbaycan qadınının normal hekayəsi yoxdur. Nəticədə meydan boş qalıb. Boş meydanı da kim doldurur?

İran cəbhəsi. “Həzrəti Yusif”, “Muxtarname”, “Süleymanın mülkü”, “Əshabi-Kəhf” və sair. Yüzlərlə yüksək büdcəli duyğusal serial çəkiblər. Hamısı eyni mesajı verir. Qurtuluş Qumdadır, qadının xilas yeri qara çadranın altındadır, dünyəvi dövlət şeytandır. Bu seriallara bizim televizyalardan tutmuş Yutuba qədər hər yerdə, Azərbaycan dilində, pulsuz baxmaq olur.

Türkiyə cəbhəsi: Bir tərəfdən “Diriliş Ərtoğrul”, “Payitaxt Abdülhamid” və sair İslamın siyasi gücünü göstərən tarixi seriallardır. O biri tərəfdən isə təriqətlərin maliyyələşdirdiyi yüzlərlə “hicablı qızların dramı” serialları. Hər birində də eyni süjet xətti. Hicablı qız məzlumdur, dünyəvi sistem zalımdır, sonda hicab qalib gəlir.

Uşaq 6 yaşından 16 yaşına qədər bu seriallara baxır. Sonra məktəbə gələndə sən ona deyirsən ki vahid forma geyin. O isə artıq beynindəki filmin qəhrəmanıdır. Sən onun üçün zalım müdürsən, o isə məzlum hicablı bacı.

Əlbəttə, effekt verməyəcək.

Niyə effekt vermir? Çünki bizim təbliğatımız sovetdən qalma şüarçılıqdır.

Bizim maarifləndirmə metodumuz hələ də sovet metodudur. Plakat as, şüar de, iclas keçir.

Bu dillə 15 yaşlı TikTok nəslini başa sala bilməzsən.

İran və Türkiyənin dini təbliğatı isə Netflix dilində danışır. Gözəl görüntü, gözəl aktyor, gözəl musiqi, sevgi hekayəsi, ağladan səhnə. Onlar uşağın qəlbinə girir, biz isə qulağına qışqırırıq.

Dünyəvilik darıxdırıcı, qadağanedici, polis obrazında görünür. Dini radikalizm isə romantik, məzlum, qəhrəman obrazında.

Bu savaşı belə uda bilmərik.

Buna görə əgər dövlət doğrudan da ideoloji təhlükəsizliyini qorumaq istəyirsə strategiyanı dəyişməlidir.

Məktəbdə hicab qadağası ilə paralel olaraq, Azərbaycanlı qadının uğur hekayəsini çəkmək lazımdır. Savadlı, güclü, öz ayaqları üstə duran qadın obrazı yaradılmalıdır. İran bir “Muxtarname”yə 20 milyon dollar xərcləyir. Biz isə bir seriala 20 min manat verib vətənpərvərlikdən bəhs et deyirik. Belə olmur.

Cəlil Məmmədquluzadənin “Ölülər”ini Yutubda serialı kimi çəkmək lazımdır. Mirzə Fətəli Axundzadəni, Sabiri müasir dildə danışdırmaq lazımdır.

Yoxsa 10 ildən sonra biz yenə eyni şeyi müzakirə edəcəyik. Məktəbdə hansı forma geyinilsin?

Shohret El-Dəniz

visiontv.az