4 cildlik “ HİKMƏT XƏZİNƏSİ”, 3- cü cild. İYİRMİ DÖRDÜNCÜ HİSSƏ
Cığır varsa bir dağa, özün də bir cığır sal,
O cığır xatirinə adınla həyatda qal.
***
Olsaydı ağıl əvvəl, axırı olar gözəl,
Ağlın gücü yetərdi bütün işlərə əzəl.
***
Varsa insan qanında bir damcı naxələflik.
Onunla dostluq çəkər çox olsa bir həftəlik.
***
Gər aşiqlik sevdası dolanarsa başında,
Su içib, bal yesən də, dad olmaz damağında.
***
Ağılı verir insana qiymətli dəyəri,
İnsanın hər bir işdə ağılıdır gərəyi.
***
Az qazanıb çox versən, demək ki, gözün toxdur,
Gözü tox olanların həm də əlləri boldur.
***
Bir qarnı ac, bir qarnı tox yaşasan da həyatda,
Bir həqiqət var, hamı eyni yerdə yatar sonda.
***
Demə, sözünü tərsə, irad tutmasın bir kimsə,
Boğazda tikəsi qalan, yenə yeməz ahəstə.
***
Qaçan adam yıxılsa, yenə yeriməz ahəstə,
Qayğıkeş olmayan baxmaz özünə olsa xəstə.
***
Başlar yaşdan istəyir, yaşlar da istəyir başdan,
Nə başda yoxdu, nə yaşda, nə umasan adamdan?
***
Acgöz ilə dostluq etsən, özünü tez-tez yoxla,
Gözütoxla dost olsan, işin olmaz lap çoxla.
***
Yox dünyada insan licimdə özgə bir məxluq,
Hamı insan şəklində, insanlıq axtarırıq.
***
Biri desə nağılı, sən də işlət ağılı,
Kimlə şərik olsan da, yaxın qoyma paxılı.
***
Damın uca, ay qoca, yığdın ömür boyunca,
Ömürə etibar yox, bir qarın ye doyunca.
Təzə gümüş qaşıqdır söylənən ağ yalanlar,
Əvvəli çox parıldar, sonralar o paslanar.
***
Siçovul tələdən qorxub çıxmasa yuvasından.
Gec, ya tez o yuvasında öləcəkdir acından.
***
Məqsədə doğru yolu bir addım qət etməsən,
Nə var, nə gözlər səni, heç bir zaman bilməzsən.
***
Olsa könül şərəfnaz, arzu kamı az olmaz,
Ey nazü-nemət görən, gün gələr, bəlkə, olmaz.
***
Dünyada olsa idi əli düz, gözü toxlar,
Nə qapılar bağlanar, nə olar qıfıl, açar.
***
Bir qəlb əgər bələnsə Allahın o nuruna,
Bir kərə dönüb baxmaz bir özgənin malına.
***
Kim ki vərdiş eyləsə edə əgər oğurluq,
O kəs hətta unudar necə olar doğruluq.
***
İgidlər də əyilir, işlərini əysələr,
"Sağ əli" naxələfsə, kürəyi yerə dəyər.
***
Bax torpaqdan aşağı, çıxsan əgər çox uca,
Bir gün gələcək səndən torpaq duracaq uca.
***
Aqil olan fikrində gər yanılarsa tez-tez,
"İpək qırışır”- deyən bazardan alacaq bez.
***
Yığsan əgər bir yerə dünyanın hər müşkülün,
O əvəz edə bilməz miskinin bir nisgilin.
***
Başçılıq" deyil asan, dirildən, dardan asan,
Qaçan səni çağırar, qovmaq da deyil asan.
***
Ədalət və fərasǝt, olsaydılar yan-yana,
Fərasət utanardı, çəkilərdi bir yana.
***
Arxayın olsan əgər dostundan, sirdaşından,
Dərdi-səri atarsan öz qayğılı başından.
Bil, qayğı yükü ilə yüklənsə toplum əgər,
Hansı ölkədə olsa, orda taxtı silkələr.
***
Ey insan, sakini olsaydın uca göylərin,
Yenə həsrətini çəkərdin, yenə yerlərin.
***
Arzusu kam almasa o kəsin ürəyindən,
Əlini üzməlidir həyata keçməyindən.
***
Yalqız insanlar ilə dost olmaq deyil asan,
Onların yalqızlığın gərək ondan alasan.
***
Ay da doğan kimi ulduz olur sağı, solu,
Ayı bulud örtəndə ulduz dəyişir yolu.
***
"Quş ürəkli" insanlar heç zaman olmaz "böyük",
Qəlbi böyük uşaq da yaşından olur böyük.
***
Bir gün əgər kim açsa zalımlığın qapısın,
O kəs zalım olur ki, unudur öz tanrısın.
***
Bir kağız da sevinir, dahi qələmi görcək,
Çünki adi kağızı o qiymətli edəcək.
***
Bu dünyadan bezmək də verir cana çox ziyan,
Görmədim peşmanlıqdan sonda fayda qazanan.
***
İnsanlar cilalandı nifrət, həm mərifətlə,
Kim yedi iki əllə, vermədi tək bir əllə.
***
Ey Günəşim, tək zərrəndir hər ruha bir qida,
Sonda verdiyini alıb deyirsən,"et vida!"
***
İnsanların əməli olsa da öz əlində,
Onu da düz işlətmir, bütün gün çək-çevirdə.
***
Dünyanın var-dövləti qoy olsun axırıncı,
Dərya qədər olsa da, əldə qalmaz bir damcı.
***
Yediyin bir qarındır, dad olsa da qalıcı,
Bəlkə, indi yediyin olacaq axırıncı.
***
Acgözlüklə qazanan, qoymur özgə qazana,
Bəzən əcəl qoymayır əl uzada qazana.
Tar ilə, kaman ilə munis olarsa qəlbin,
Demək ki, dərd alıbdır qəlbinin hər tərəfin.
***
Daş töksən ətəyindən, yükün yüngülləşəcək,
Daşı töksən də hələ, yaddaş yükü çəkəcək.
***
Öz varlığın duyan kəs çalışır hey çözməyə,
Özünü unudan kəs başlar səbəb gəzməyə.
***
Salam-sabahlı adam əgər çox sevilirsə,
Necə sevsinlər, əgər bir salamı vermirsə.
Xalidə Hicran
visiontv.az