İraqın nüfuzlu şiə din xadimi və Sədr hərəkatının lideri Müqtəda əs-Sədr Azərbaycan dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi qaydaları ilə bağlı mövqeyini hicabın qadağan edilməsi kimi təqdim edərək, tənqidi fikirlər səsləndirib.
Bununla bağlı İranın IRNA Dövlət Xəbər Agentliyi məlumat yayıb.
O, bu addımın qadınların azadlığına xidmət etməyəcəyini, əksinə, cəmiyyətdə ekstremizmi gücləndirəcəyini iddia edib.
Din xadimi bu fikirlərinin Azərbaycanın daxili işlərinə müdaxilə məqsədi daşımadığını bildirsə də, dini vəzifəsinə əsaslanaraq Azərbaycan dövlətinə xəbərdarlıq etməyi və məsləhət verməyi zəruri sayıb.
Sədr məktəb geyimi ilə bağlı qərarları “dünyəvi ekstremizm” adlandırıb və onları İŞİD-in yanaşmaları ilə müqayisə edilə bilən addımlar kimi təqdim edib. O, hicabın qadağan edilməsinin cəmiyyətin dünyəviləşməsinə və qadınların azadlığına gətirib çıxaracağını düşünənlərin yanıldığını iddia edib.
Müqtəda Sədrin Azərbaycanla bağlı açıqlaması dini nüfuzdan istifadə edərək başqa bir ölkənin daxili siyasətinə qiymət verməyin növbəti nümunəsidir.
Ən böyük problem isə hicab məsələsinin hüquqi və ictimai mahiyyətini araşdırmaq əvəzinə, onun ideoloji qarşıdurma vasitəsinə çevrilməsidir. Dini azadlıqları müdafiə etdiyini iddia edən şəxs əvvəlcə faktları dəqiq təqdim etməli, sonra başqalarına məsləhət verməlidir.
Sədrin yanaşmasındakı əsas ziddiyyət də budur: o, şəxsi azadlığa hörmətdən danışır, lakin öz dini mövqeyini başqa bir cəmiyyətin təhsil siyasətinə qiymət vermək üçün üstün meyar kimi təqdim edir. Azadlıqdan danışmaq başqalarına dini baxışını qəbul etdirmək hüququ vermir.
visiontv.az