Eyni millət, iki fərqli cəbhə
15.10.2026

Güneydə hicabı atmaq üçün ölən qadın, Quzeydə hicaba bürünməyə məcbur edilən qız.

Bu, son 100 ildə Azərbaycan xalqının yaşadığı ən böyük təzaddır. Eyni millət, eyni dil, eyni qan, amma sərhədin hər iki tərəfində qadın bədəni üzərində tamamilə əks istiqamətdə gedən iki savaş.

Bir tərəfdə Güney Azərbaycanda qadınlar hicabı atmaq üçün canını verir, o biri tərəfdə Quzey Azərbaycanda bir qrup İranpərəst qadınları zorla qara hicaba bürümək üçün uşaqların əlindən tutur.

Bu təsadüf deyil. Bu, bir ideologiyanın iki üzüdür.

İranda hər şey 2022-ci il sentyabrın 16-da Məhsa Əmininin hicabın düzgün deyil deyə əxlaq polisi tərəfindən öldürülməsi ilə başladı. Amma Güney Azərbaycan üçün bu mübarizə daha əvvəldən başlayıb.

Təbrizdə, Urmiyada, Ərdəbildə azərbaycanlı qadınlar illərdir deyir ki, mən öz qərarımı özüm verəcəm. Onlar küçədə hicablarını çıxarıb yandıranda sadəcə bir parçanı kənara atmırlar, 45 illik bir ideologiyanı rədd edirlər.

Nəticəsi nə oldu?Həbs olundular, saçlarından sürüyüb maşına atdılar, Təbrizin küçələrində “Qadın, yaşam, azadlıq” deyən 20 yaşlı qızlar güllələndi, Evin zindanlarında işgəncə gördülər və sair.

Güneyli qadın üçün qara çadra artıq dinin rəmzi deyil, fars-molla rejiminin bayrağıdır. O bayrağı atmaq onun üçün milli azadlıq aktıdır. O deyir ki, mən əvvəlcə insanam, sonra qadınam, sonra azərbaycanlıyam, sən məni ərəb çadrasına bürüyüb kimliyimi silə bilməzsən.

Azərbaycan Respublikası isə dünyəvi, müstəqil bir dövlətdir. Qadını nazir, deputat, həkim, pilot olan bir ölkə.

Burada isə İranın Qum, Məşhəd ideoloji mərkəzlərindən qidalanan bir qrup 6 yaşlı qız uşaqlarını məktəb qapısına aparır, başına İran istehsalı olan qara hicab bağlayıb “Sahib Zamanın əsgəriyik” deyə şüar verdirir.

Güneydə qadın hicabdan qurtulmaq üçün ölür, Quzeydə isə uşağa hələ heç nə anlamadan hicab geyindirilir.

Fərqə baxın.

Güney Azərbaycanda mübarizə dini-teokratik rejimə qarşıdır. Qüzey Azərbaycanda mübarizə dövlətin dünyəvi quruluşuna qarşıdır.

Güneydə simvol - yandırılan hicabdır. Quzeydə simvol - siyasi bayrağa çevrilən hicab.

Əsl təzad isə hicabın özündə deyil. Əsl təzad azadlıq anlayışındadır.

Güneyli qadın da, Quzeyli qadın da əslində eyni şeyi istəyir - Azadlıq.

Amma İran rejimi və onun Quzeydəki uzantıları azadlıq sözünü tərsinə oxuyurlar.

Güneydə qadına deyirlər ki çıxara bilməzsən, çıxarsan öləcəksən.

Quzeydə isə eyni mərkəzlər deyir ki, geyinməlisən, geyinməsən dindən çıxmış sayılırsa.

Hər ikisində də qadının iradəsi yoxdur. Qərarı qadın vermir, kişi mollalar verir.

Güneydə 20 yaşlı qız zorla hicab taxmayacağam deyib ölür.

Quzeydə 6 yaşlı qıza zorla hicab taxacaqsan deyib məktəbdən yayındırılır.

Hər iki halda qadın alətə çevrilir.

Bu gün Azərbaycan xalqı tarixi yol ayrıcındadır.

Bir yol Təbriz küçəsində saçını kəsən qızın yoludur. O yol deyir ki, Azərbaycan qadını azad olmalıdır, elmli olmalıdır, dünyaya açıq olmalıdır. O yol Avropaya, müasirliyə gedir.

İkinci yol isə Qumdan ixrac edilən qara çadra yoludur. O yol deyir ki qadını bağla, qızı məktəbdən al, cəmiyyəti qara rəngə boya. O yol bizi 1979-cu il İranına aparır.

Biz Quzeydəki 6 yaşlı qızların başına qara hicab bağlayanda, əslində Güneydə hicabını atmaq üçün ölən bacılarımıza da xəyanət edirk.

Çünki Güneydəki bacımız canını verir ki, qadın insan sayılsın. Biz isə burada qadını yenidən qara parçanın içinə salırıq.

Azərbaycanın gələcəyi hansı yoldur? Təbrizdə yandırılan hicabın, yoxsa Bakıda məktəb qapısında siyasi bayrağa çevrilən hicabın?

Cavab aydındır. Güneydə qadınlar hicabı atmaq üçün mübarizə aparırsa, deməli azadlıq oradadır. Bizim də üzümüz azadlığa - Təbrizə tərəf olmalıdır, Quma tərəf yox.

Şöhrət El-Dəniz

visiontv.az