Müdrik güruhun arasında yetişməz
09.02.2026

Şərqin müdriklik məktəbi bizə nə öyrədir: Müdrik güruhun arasında yetişməz! Müdrikliyin səssizliyə, sükuta, təkliyə ehtiyacı var.

Bugünkü midriklərin isə tam tərsinə, güruh, səs-küy, qələbəlik ehtiyacı var, nə vaxt axtarsan, günümüzün müdriyini güruhun ortasında tapacaqsan.

Müdrik səssizlikdən, sükutdan, təklikdən qayıdandır, səs-küyə, qələbəliyə can atan deyil.

Qədim müdriklər təbiətə qaçırdılar. Çünki güruhun arasında təbiətin pıçıltısı eşidilmirdi. Daha sonra peyğəmbərlər də tanrının səsini eşitmək üçün təbiətə qaçdılar: Zərdüşt mağaraya sığındı, Musa Sina dağına çıxdı, Məhəmməd Hira dağından gəldi və s.

Adını nə qoysaq da - ün, vəhy, şeir, - müdriyin qulağına gələn səs təbiətin səsidir. O yerin ki, oraya kütlənin hay-həşiri gedib çatmaz.

Günümüzün müdriyi yolu qısaldıb. Onun səssizlikdə, təklikdə "vaxt öldürmək" həvəsi yoxdur. Dirək güruhun ortasından başlayır. Şəxsi təcrübəsi olmadığına görə, özündən əvvəlki müdriklərin eşitdikləri səsi öz adından kütləyə çatdırır.

Şərqin sosial-fəlsəfi düşüncəsinin yenilənməməsinin səbəbi də budur. Yeni səsi eşitmək üçün sükuta, təkliyə illərini fəda edəcək müdriklərimiz yoxdur.

Şərqin tarixində bu qədər müdriyi olub müdrik çatışmazlığından əziyyət çəkdiyi bir dövrü olmamışdır.

Aqşin Yenisey

visiontv.az