Sizlərə Polşa Milli Kitabxanasının arxivində saxlanılan nadir bir kitab təqdim edirəm. “De ritu et moribus Turcorum “(Türklərin adət və ənənələri haqqında) adlanır kitab.
Müəllifi Georgius de Hungaria 1422–1502-ci illərdə yaşamış bir keşişdir.
1438-ci ildə Osmanlı sultanı II Muradın ordusu onun yaşadığı Sebeş şəhərini tutarkən gənc yaşlarında əsir götürülüb.O, təxminən 20 il ( bəzi mənbələrdə 22 il) Osmanlı torpaqlarında əsir kimi yaşayıb. Bu müddət ərzində türklərin dilini, dinini və adət-ənənələrini dərindən öyrənib.
Georgius de Hungaria-nın 1481-ci il tarixli əsərində birbaşa müasir mənada "Azərbaycan" coğrafi adı çəkilmir, lakin kitabın Azərbaycan tarixi və dili ilə bağlılığı əsəri oxuyanda görmək olar.
Bu kitab Azərbaycan dilinin latın hərfləri ilə yazıya alındığı dünyada məlum olan ən qədim mənbələrdən biridir.
Kitabda latın qrafikası ilə qeyd olunan şeir və duaların dili linqvistik cəhətdən Qədim Azərbaycan türkcəsidir. Mətndə "geldi", "getdi", "yollarda", "bitdi", "özü" kimi sözlər o dövrün Şirvan və Təbriz mühitində danışılan dillə eynilik təşkil edir.
Kitabda türklərin dini və məişəti izah edilərkən bir neçə maraqlı hissəyə yer verilib:
"Gor nece geldi, gor nece guetti bir ulu kermin..." (Gör necə gəldi, gör necə getdi bir ulu karvan...) misraları dərvişlərin dilindən yazılıb. Müəllif Anadolu və ona yaxın ərazilərdəki dərvişlərdən bəhs edir.
Həmin dövrdə bu dərvişlərin böyük bir qismi Səfəviyyə təriqətinə və Azərbaycan mənşəli digər sufi cərəyanlarına bağlı idilər.
Birdən ona qədər türkcə rəqəmlər ("Bir, iki, vcz, durt...") siyahı şəklində təqdim edilib.
Kitabda "Babamız" duasının sintaksisi da yer alıb:
"Babamiz qui goctezun" (Babamız ki göydəsən)
"Ary bilsun senun adun" (Təmiz bilsin sənin adın)
"Bize her gunki etmegumuzi bugun ver" (Bizə hər günkü ətməyimizi bu gün ver)
Kitabda "Beg", "Pascha", "Han" və "Sultan" kimi sözlərin izahı verilir.
Müəllif türklərin dini mahnılarını "Hylahy" adlandırır. Bu, "ilahi" sözünün latın qrafikası ilə çap olunmuş ilk nümunələrindən biridir. O, bu sözü izah edərkən yazır ki, türk dərvişlər bu mahnıları oxuyarkən xüsusi bir huşu və eşq halına girirlər.
Müəllif türklərin ibadətlərini təsvir edərkən bu sözləri olduğu kimi latın qrafikasına köçürüb. "Namas" və "Orucz" O, türklərin gündə beş vaxt etdikləri ibadəti belə adlandırır və eyni zamanda Ramazan ayındakı ibadəti bu adla qeyd edir
Bu mətnlər sübut edir ki, hələ 540 il əvvəl Azərbaycan türkcəsi həm yazı, həm də ifadə tərzi baxımından kifayət qədər formalaşmış və bu gün belə başa düşülən bir dil idi.
Prof.Dr. Zaur Əliyev
visiontv.az