ABŞ fevralın 19-da Sülh Şurasının iclasını keçirməyi planlaşdırır
09.02.2026

Fevralın 19-da Vaşinqtonda ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə qurulmuş Sülh Şurasının ilk iclası planlaşdırılır. ABŞ mediası bazar günü – fevralın 8-də Trampın artıq Şuranın üzvü olan, yaxud üzv olmağa qərar verməmiş ölkə liderlərinə dəvət göndərdiyini yazıb.

İclasın Donald Trampın adının da yer aldığı Amerika Sülh İnstitutunun qərargahında keçiriləcəyi gözlənilir. Medianın yazdığına görə, ilk iclasda Qəzza sektorunun bərpası müzakirə olunacaq.

Sülh Şurası ilkin olaraq Trampın Qəzzada sülh planında nəzərdə tutulmuşdu. Yanvarda Davosda təxminən 20 liderin imzaladığı Sülh Şurasının nizamnaməsi isə qurum üçün daha geniş mandatı əhatələyir. Trampın sədrliyi altında fəaliyyət göstərəcək Şura dünyanın digər regionlarında da münaqişələrin həllinə töhfə verməyi planlaşdırır. Trampın tənqidçiləri isə deyirlər ki, o, BMT qurumlarını öz nəzarətində olan Sülh Şurası ilə əvəz etmək istəyir.

Argentina, Ermənistan, Azərbaycan, Bolqarıstan, Macarıstan, İndoneziya, Qazaxıstan, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə və BƏƏ kimi ölkələrin liderləri, eləcə də İsrail Sülh Şurasında yer almağa razılıq veriblər. Belarus lideri Aleksandr Lukaşenko da dəvəti qəbul edib. Amma Rusiya, Ukrayna, Çin, Hindistan və Aİ üzv ölkələrin əksəriyyəti hələ iştirakla bağlı qərar verməyib, Böyük Britaniya, Fransa və Almaniya isə açıq imtina ediblər.

Rumıniya prezidenti Nikuşor Dan fevralın 8-də X sosial şəbəkəsində Sülh Şurasının iclasına dəvət olunduğunu yazıb. O, Rumıniyanın hazırda ABŞ ilə qurumun nizamnaməsinin bir sıra müddəalarına yenidən baxılması haqda məsləhətləşmələr apardığını qeyd edib.

visiontv.az