Makron paradoksu
26.10.2026

Fransanın etmək istədikləri ilə reallıq arasında uçurum.

Fransanın qlobal arenadakı mövqelərinin zəifləmə tendensiyası, xüsusilə 2021-ci il sentyabrın 15-də AUKUS sazişinin elan edilməsi ilə daha açıq şəkildə üzə çıxdı.

AUKUS Avstraliya, ABŞ və Böyük Britaniya arasında imzalanmış strateji təhlükəsizlik sazişidir. Paktın əsas məqsədi Hind-Sakit okean regionunda üçtərəfli əməkdaşlığı gücləndirmək və qabaqcıl hərbi imkanlar sahələrində texnologiya mübadiləsini təmin etməkdir. Nəticədə Avstraliya yeni tələblərə cavab vermək üçün Fransa ilə 2016-cı ildə imzaladığı dizel-elektrik mühərrikli sualtı qayıqların alınmasına dair çoxmilyardlıq müqavilədən birtərəfli qaydada imtina etdi.

AUKUS-la paralel uğursuzluqlar

Bu, Paris üçün ciddi siqnal idi. Yelisey Sarayı həmin razılaşmanı qəzəblə qarşılayanda, o cümlədən arxadan vurulan xəncər kimi təqdim edəndə başqa bir məsələ aydınlaşdı: AUKUS Fransanın Avstraliya üçün hərbi təchizatını pozmaqdan daha çox ona dərin strateji bir zərbə vurur. Çünki bu saziş Fransanın Hind-Sakit Okean regionundakı maraqlarını nəzərə almayaraq Parisi əsas qərarverici mexanizmlərdən kənarda qoyur.

Fransanın qlobal güc mərkəzləri rəqabətində manevr imkanlarının daralması regionlararası paralel zərbələrlə müşayiət olunur. Afrika ilə yanaşı, Hind-Sakit Okean regionunda strateji indeksin aşağı düşməsi Fransaya qarşı ittifaqların stimullaşdırılması prosesi barədə təsəvvürləri genişləndirir.

Hərçənd ki, Fransa hələ də nüvə silahına malikdir və onun hərbi gücünün əhəmiyyətli zəifləmələrindən söhbət getmir. Lakin nə nüvə silahları, nə də digər hərbi elementlər Paris üçün şansdır, əksinə getdikcə Prezident Emmanuel Makronun apardığı siyasətlə Fransa daha dar strateji cığıra daxil olur. Bunu aşağıdakı bir neçə səbəbdə görmək mümkündür:

- Fransanın Afrikadakı rəqabətə davamlı təsir göstərə bilmək mexanizmləri məhdudlaşıb və bu, açılan yeni genişlənmə zolağında başqa oyunçulara yaxşı fürsət verir;

- Fransanın AUKUS və Afrika üzrə böhranlı situasiya ilə üzləşməsi Parisin Cənubi Qafqaz siyasətində məqsədlərinə çata bilməməsinin fonunda əlaqələndirici struktura malikdir,

- Azərbaycanın Fransanın neokolonial siyasətini ifşa etməsi beynəlxalq gündəlikdə Parisə qarşı fərqli bir informasiya çərçivələrini gündəmdə saxlayır.

Ukrayna kartı fayda vermir

Fransa Prezidenti Emmanuel Makron bunları başa düşəndə ölkəsini xarici siyasətdə mükafatlandırmaq üçün başqa geosiyasi cəbhədə oyun qurmağa cəhd göstərdi.

Lakin Makron Rusiya-Ukrayna müharibəsinin həlli üçün özünü etibarlı vasitəçi kimi göstərmək istəyəndə onun daha çox ikili oyunu üzə çıxmağa başladı. Fransa üçün medalın görünən üzü ilə oynamaq ona imic baxımından çox vacib idi. Medalın görünməyən tərəfi Ukraynanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsinə fokuslanmayanda Parisin yeni obrazı suallar doğurmağa başlayır: Əsl niyyət bu gün Paris tərəfindən davam etdirilir. Yelisey Sarayı Ukrayna böhranı və qlobal təhlükəsizlik təhdidlərinin artdığı zamanda Avropada strateji təhlükəsizlik muxtariyyəti qazanmağı hədəfləyir. Fransanın tətbiq etməyə cəhd göstərdiyi modelin ştrixləri bir-birilə birləşəndə onun ümumi strategiyası rahat oxunur: Emmanuel Makron Avropada Fransanın təhlükəsizlik çətiri ideyalarını sürətlə yaymaqla cərəyan edən qlobal təhdidlərlə mübarizədə özünün strateji vizyonunu göstərməyə çalışır.

Lakin bu təşəbbüslər digər Avropa ölkələri tərəfindən geniş dəstəklənmir, ona görə ki, ABŞ-nin liderlik etdiyi NATO formatına sığınmaq təhlükəsizlik baxımdan indi üçün daha yaxşıdır.

Hərçənd Fransa son dövrlərdə Avropanın geosiyasi transformasiyasında həlledici rol oynamağa çalışır. Paris Ukraynada gələcək atəşkəs rejimindən sonra regiona yerləşdirilə biləcək təminat xarakterli qüvvənin – “Könüllülər koalisiyası”nın yaradılması istiqamətində Böyük Britaniya ilə sıx əməkdaşlıq həyata keçirir.

Lakin Ukrayna üzrə Fransa, Böyük Britaniya və Almaniyadan təşkil olunan E3 formatının gələcəyi sual altındadır, həm də ona görə ki, Parisin hər iki dövlətlə fikir ayrılıqları qalmaqdadır.

Nüvə ritorikası nəyə hesablanıb?

Emmanuel Makron ABŞ-İsrail müttəfiqliyinin İrana qarşı müharibəsinin yaratdığı böhranları fürsətə çevirmək istəyəndə, Fransanın nüvə silahlarını çəkindirmə vasitəsi kimi diqqətə çatdırdı. Emmanuel Makron 2026-cı ilin martın 2-də nüvə silahlarının qarşısının alınması üçün təklif etdiyi vizyonda Fransanı az qala beynəlxalq nüvə gündəliyinin mərkəzinə qoyaraq təhdid ritorikasını inkişaf etdirdi.

Fransa prezidentinin nüvə doktrinası ilə əlaqədar açıqlamaları Parisin strateji çəkindirici qüvvəsinin Avropa müttəfiqlərinin təhlükəsizliyindəki rolunu vurğulayırdı.

Açıqlamanın daha dərin mənası Emmanuel Makronun rəqib və tərəfdaşların inkişaf etməsi ilə bağlı fikirlərində gizlənirdi: Emmanuel Makron “Rəqiblərimiz də, tərəfdaşlarımız da inkişaf edib” deyərkən Rusiyaya açıq, NATO-nun flaqmanı ABŞ-yə isə sətiraltı eyham vurdu. Avropa təhlükəsizliyi üçün ABŞ təsirlərini minimallaşdıran strukturu həmin çıxışın məğzində görmək elə də çətin deyil.

Çünki Fransanın nüvə konsepsiyası NATO-nun genişləndirilmiş çəkindirmə modelini təkrarlamaq məqsədi daşımır. O, Avropanın təhlükəsizlik reallıqlarına uyğunlaşdırılmış, Fransa mərkəzli nüvə yanaşmasını təklif edir.

Fransanın yanaşmaları belə görünür: Paris Avropanın geosiyasi əlini gücləndirmək əvəzinə, onu tək əldə cəmləşdirərək asılı vəziyyətə salan gizli metodu gündəmə gətirir.

Ancaq Fransanın NATO üzvü olmasına baxmayaraq, alternativ mexanizmi Alyansa qarşı irəlilətmək ambisiyaları onun Avropa İttifaqı daxilində hərbi liderlik hədəflərinin reallaşmasında maneələr yaradır. Makron çıxışında Böyük Britaniya və Almaniyanı əsas tərəfdaşlar adlandırsa da, Berlin və London Parisin birtərəfli və nüvə ambisiyalarına əsaslanan transatlantik muxtariyyət oyununa şübhə ilə yanaşa bilər.

Daxili cəbhədən zərbə

Emmanuel Makron xarici siyasətdə iddialı gedişlər etmək istədiyi bir zamanda daxildə artan yaşayış xərcləri, dövlət xidmətlərindəki geriləmə və təhsil infrastrukturunun iflasına qarşı yönələn kütləvi etiraz dalğası ilə ciddi siyasi zərbə alır.

Xarici siyasət strategiyalarının ardıcıl olaraq məqsədə çatmaması daxili iğtişaşlar və sosial etiraz dalğası ilə birləşdikdə, Parisin qlobal güc statusunu təmin edən strateji sütunları laxlayır.

Göründüyü kimi, Emmanuel Makron Fransanın statusu ilə əlaqədar paradoksal bir vəziyyətə düşüb: Bir tərəfdə Fransanın yüksəlişini təmin etmək istəyərkən bir tərəfdən xarici və daxili siyasətdə sistemli uğursuzluqlarla üzləşir. Fransanın daxili siyasi səhnəsindəki qeyri-müəyyənliklər Avropa İttifaqının blokdakı ikinci ən böyük iqtisadiyyata malik ölkəsi ilə bağlı ən dərin geosiyasi narahatlıqlarından biri olaraq qalır.

Birincisi, Fransadakı iğtişaşlar və etirazların dərinləşdirdiyi siyasi qütbləşmə Parisin Ukraynaya dəstək verən könüllülər koalisiyasındakı rolunu məhdudlaşdırır, eyni zamanda, ölkənin və bütövlükdə Avropa İttifaqının qlobal arenada çevik hərəkət etmək qabiliyyətinə mənfi təsir edir.

İkincisi, büdcə böhranları və pensiya islahatlarına qarşı daxili müqavimət dövlət maliyyəsinin dayanıqlığını təhlükə altına qoyur ki, bu da Fransa borcları üzrə riskləri artırır. Fransa Avropanın xarici siyasət və müdafiə ambisiyalarını gücləndirmək kimi iddialı gündəliklə çıxış etdiyi bir zamanda Avrozonanı iqtisadi təzyiq altında saxlayır.

Fransa üçün növbəti mərhələdə yeni bir siyasi dövrün astanası dayanır. Emmanuel Makronun prezidentlik səlahiyyətlərinin başa çatmasına altı ay qalarkən, Paris daxildəki sosial partlayışlar və xaricdəki ardıcıl strateji məğlubiyyətlər fonunda seçim qarşısındadır.

Ehtimalla, hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələr proqramlarında Makron dövrünü tənəzzül və buraxılmış imkanlar kimi xarakterizə edəcəklər.

Marin Le Penin rəhbərlik etdiyi sağçı “Milli Birlik” və Jan-Lük Melanşonun solçu “Əyilməz Fransa” partiyaları Prezident Makronu hakimiyyətdən uzaqlaşdırmaq üçün ən əlverişli anı səbirsizliklə gözləyirlər.

Parisin qlobal iddiaları ilə reallıq arasındakı bu uçurum fonunda, yaxınlaşan seçkilər daxili problemlərin həlli ilə yanaşı, Fransanın qlobal güc olaraq gələcək taleyinin həll olunduğu həlledici sınaq kimi yadda qalacaq.

Müəllif: Aqşin Kərimov

visiontv.az