2025-ci ilin sentyabrında Filippində keçirilən beynəlxalq forumda çinli siyasi ekspert Viktor Qao bəyan etdi: “Çin birinci atəşi açmayacaq. Amma ikinci atəşi açmağa da imkan verməyəcək!” Bu sözlər faktiki olaraq ABŞ-a ünvanlanmış sərt xəbərdarlıq idi.
Çinin artan iqtisadi, texnoloji və hərbi gücü onun beynəlxalq siyasətdə özünüifadə tərzində də hiss olunur. Artıq Pekin Vaşinqtonla rəqabətdə daha iddialı mövqe nümayiş etdirir.
Bu tendensiya təkcə Çinə aid deyil. Türkiyə də inkişaf edən müdafiə sənayesinə və regional təsir imkanlarına arxalanaraq ABŞ və İsraillə fikir ayrılıqlarında daha sərt mövqelər ortaya qoyur. Azərbaycan isə öz miqyasında hərbi imkanları, enerji ehtiyatları və beynəlxalq nəqliyyat layihələri sayəsində xarici siyasətdə daha müstəqil mövqe tutmağa çalışır. Hindistan da böyüyən iqtisadiyyatı və hərbi potensialı ilə qlobal siyasətdə daha böyük rol tələb edir.
Amma bunun əksini də görürük. Bir neçə il əvvəl hərbi gücü ilə dünyaya meydan oxuyan Rusiya Ukraynaya qarşı başlatdığı müharibədə böyük itkilərlə, sanksiyalarla və uzunmüddətli iqtisadi təzyiqlərlə üzləşib. Bu, hərbi gücün düzgün siyasi qərarlarla müşayiət olunmadıqda necə ağır nəticələr doğura biləcəyini göstərir.
Dünya siyasətində bir qanunauyğunluq var: dövlətin real gücü artdıqca siyasi iddiaları da böyüyür. Amma gücünü olduğundan artıq qiymətləndirən dövlət bunun ağır bədəlini ödəyə bilər.
Çünki beynəlxalq siyasətdə əsas məsələ yalnız güclü olmaq deyil, öz gücünün imkanlarını və sərhədlərini düzgün hesablamaqdır…
Elbəyi Həsənli
visiontv.az