İranda yeni milli mətbəx: Torpaq kababı
26.10.2026

Nəhayət İran hökuməti iqtisadi böhrana çarə tapdı. İllərdir düşünürdülər ki, bu milləti necə dolandıraq? Dollar qalxır, çörək bahalaşır, ət lüks olub. Və budur, yeni müdafiə naziri Mehrdad Əxlaq dahi həll yolunu açıqladı.

Torpağımızı təslim etməkdənsə, torpaq yeyərik. Bu, XXI əsrin ən böyük hərbi-iqtisadi doktrinasıdır. Dünyada bütün müdafiə nazirləri deyir ki, xalqımız tox olsun ki, ordumuz güclü olsun. Bizim qonşudakı nazir isə deyir ki, xalqımız torpaq yesin ki, ordumuz güclü olsun. Əslində cənab nazir üstüörtülü yox, açıq mesaj verib. Tərcüməsi belədir: "Əziz xalq, büdcədə qalan 3-5 milyardı da raketə, drona verəcəm. Sizə pul qalmayacaq. Ona görə indidən məşq edin. Torpaq yeməyə öyrəşin. Və bu, çox məntiqlidir. Çünki İran mətbəxi onsuz da yenilik axtarırdı. Məsələn səhər yeməyi üçün Sünik torpağından hazırlanmış omlet. Nahara Zəngəzur torpağından bozbaş. Şam isə Qum çölünün torpağından ət əvəzi plov. Həm vətənpərvər, həm doyumlu, həm də ucuz. Çünki torpaq hələ ki sanksiyaya düşməyib. Allahın və mələklərin təyin etdiyi qiymət siyahısında torpaq ən ucuzdur. Nazirin bu bəyanatından sonra İranın Daxili İşlər Nazirliyi də mütləq restoranlara yeni təlimat göndərəcək. Menyuda torpaq yeməkləri mütləq olmalıdır. Kim torpaq yeməkdən imtina etsə, vətən xaini sayılacaq. Ən gözəli isə odur ki, bu doktrina ilə heç bir etirazın da qarşısı alınır. Kimsə deyəndə ki, a kişi, çörək yoxdur, dərhal cavab hazırdır: "Sən torpağı təslim etmək istəyirsən xain! Ye torpağını, səsini çıxarma! "Əvvəlki molla deyirdi ki, bahalıq Allahın işidir, mələklər tənzimləyir. İndi də bu deyir ki, aclıq vətənpərvərlikdir, torpaq yemək müqavimətdir.Yəni, İran xalqına qalan seçim budur. Ya acından torpaq yeyəcəksən və adın vətənpərvər olacaq, ya da çörək istəyəcəksənsə adın sionist, amerikalı, NATO agenti olacaq.

Şöhrət El-Dəniz

visiontv.az