İran problemini çözməkdə Trampla Netanyahu fərqli düşüncədədir. Netanyahu Kiryat-Şmonada, "Tel-Xay" Universitetində çox vacib bir etiraf etdi.
O bildirdi ki, biz Trampla İrandakı rejimin devrilməsini müzakirə edirik. Bu cümlə əslində iki müttəfiq arasında böyük fikir ayrılığının etirafıdır. Çünki diplomatiyada bir şeyi dəfələrlə müzakirə etmək o deməkdir ki, razılaşa bilmirsiniz. Əgər Tramp artıq razı olsaydı, Netanyahu bunu hər çıxışında təkrarlamazdı. O, Trampı hələ də razı salmağa çalışır. Burada iki fərqli doktrina toqquşur. Trampın doktrinası. Rejimi vur, amma yıxma. Tramp biznesmen düşüncəsi ilə hərəkət edir. Onun üçün ideal İran ssenarisi belədir. İranın nüvə obyektlərini vur, raket proqramını sındır, proksi qrupları məhv et, iqtisadiyyatı zəiflətmək üçün sanksiyanı sıx, sonra de ki, gəlin danışaq, sövdələşə". Trampa xaos lazım deyil. Ona idarə olunan, zəifləmiş, amma ayaqda qalan bir İran lazımdır ki, onunla böyük sövdələşmə edib adını tarixə yazsın. Nobel istəyən adam ölkə dağıdılmasını istəmir, razılaşma istəyir. Tramp İranda rejim dəyişikliyini istəmir, çünki bilir ki, rejim yıxılsa, yerinə nə gələcəyi bəlli deyil. Liviya, İraq, Suriya nümunəsi göz önündədir. Netanyahunun doktrinası isə fərqlidir. O deyir ki, rejim qalarsa, hər şey bərpa olunacaq. Əslində onun haqlı olduğu tərəf var. ONetanyahu Kiryat-Şmonada dediyi kimi hətta zəiflədilmiş İran belə nüvə silahını və proksi şəbəkəsini bərpa edəcək. İsrailin məntiqi belədir ki, biz 30 ildir İranı vururuq, sanksiya qoyuruq, alimlərini öldürürük. Amma rejim qalarsa, 5 ildən sonra yenə eyni nöqtəyə qayıdacağıq. Nüvə proqramı yerin 100 metr altında yenidən qurulur. Hizbullahın yerinə başqa Hizbullah yaradılır. Ona görə də problemin kökünü kəsmək lazımdır. Netanyahu üçün İran İslam Respublikası qalarsa, İsrail heç vaxt təhlükəsiz olmayacaq. Ona görə o, sadəcə nüvə obyektlərini yox, rejimin özünü hədəfə almaq istəyir. Bəs Netanyahu Trampı niyə razı sala bilmir? Çünki Trampın ətrafında Netanyahu kimi düşünməyən generallar var. Onlar deyir ki, 90 milyonluq İranı devirmək İraqdan 10 dəfə çətindir. Küçədə 3-5 etirazla rejim yıxılmır. SEPAH hələ də güclüdür. Rejimi yıxmaq üçün ya birbaşa quru qoşunu yeritməlisən ki, Tramp buna qəti qarşıdır, ya da illərlə davam edən vətəndaş müharibəsi ssenarisini gözə almalısan. Netanyahu isə Trampı inandırmağa çalışır ki, rejim özü-özünə yıxılacaq, sadəcə bir az itələmək lazımdır. İqtisadiyyat çöküb, xalq narazıdır, mələklərin qiymət təyin etdiyi bir ölkə uzun müddət yaşaya bilməz. Biz vursaq, xalq qalxar. Amma Tramp hələlik buna inanmır. Ona görə də bugünkü vəziyyət budur ki, Netanyahu hər telefon danışığında Trampa deyir gəl bu rejimi yıxaq. Tramp isə deyir ki, yox, gəlin onu diz çökdürüb sövdələşməyə məcbur edək. Birincisi İsrailin təhlükəsizlik doktrinasıdır, ikincisi Trampın biznes doktrinası. Və bu ayrılıq böyüdükcə, İrana qarşı birgə strategiya da alınmır. Nəticədə İran da bu boşluqdan istifadə edib vaxt qazanır, həm nüvəsini bərpa edir, həm də xalqına torpaq yeməyi məsləhət görür.
Şöhrət El-Dəniz
visiontv.az