Ermənistanın hüquq-mühafizə orqanları fevralın 14-də Katolikos Qareginə rəsmi ittiham irəli sürüblər. Bundan öncə baş nazir Nikol Paşinyan Ermənistan Apostol Kilsəsi ruhanilərinin Avstriyada toplantısının qarşısını alacağını demişdi.
AzadlıqRadiosunun erməni xidməti yazır ki, II Qaregin ölkənin postsovet tarixində rəsmən ittiham olunan ilk kilsə rəhbəri olacaq.
İttihamlar Qareginin yanvarın 27-də bir yepiskopu vəzifədən kənarlaşdırmasından qaynaqlanır. Qevorq Saroyan Paşinyanın katolikosu devirmək kampaniyasına qatılan ruhanilərdəndir. O, yanvarda kilsənin Ermənistanın cənubundakı Ararat vilayətinin bəzi hissələrini əhatələyən Masiatsotn Yeparxiyasının rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Amma Paşinyanın dəstəyi ilə qərarı məhkəmədə mübahisələndirib. Məhkəmə isə iş üzrə hökm çıxanacan Saroyanın vəzifədə qalması haqda qərar verib.
İstintaq Komitəsi isə Saroyanla bağlı kilsənin qərarından sonra cinayət işi açaraq qurumun Ali Dini Şurasındakı altı yepiskopa ittiham irəli sürüb. Onların hüquqi aktın icrasına mane olduğu bildirilir. Yepiskopların ölkədən çıxışı qadağan olunub.
Fevralın 16-19-da isə Avstriyada yepiskopların fövqəladə konfransı keçirilməlidir.
Qareginə də eyni ittiham verilib. Kilsənin vəkili Ara Zohrabyanın dediyinə görə, katolikosun da ölkədən çıxışına qadağa qoyulub. Vəkil bunu kilsənin daxili işlərinə birbaşa müdaxilə adlandırıb, hakimiyyəti konfransın işini pozmağa çalışmaqda ittiham edib.
Kilsə də oxşar bəyanat səsləndirib. Konfrans dekabrın 10-12-də Eçmiadzində keçirilməli idi. Sonradan Qaregin onu "ruhanilərə qarşı repressiyalar" səbəbindən təxirə salıb.
Paşinyan cümə günü – fevralın 13-də konfransı pozmaq niyyətini açıq bildirib. O, ABŞ ilə Avropadakı erməni icmalarının səkkiz tanınmış üzvünün onun kilsəyə qarşı hücumlarını pisləyən bəyanatına qəzəbli reaksiya verib. Bəyanat müəllifləri Avstriyada keçirilməsi planlaşdırılan kilsə toplantısının əhəmiyyətini vurğulamışdılar.
"Bütün məsələ Katolikosluğu Ermənistanın hüdudlarından çıxarmaqdan ibarətdir, buna imkan verməyəcəyəm. Bundan ötrü əlavə tədbirlər görülməlidirsə, görüləcək", – Paşinyan jurnalistlərə deyib.