XI əsrə aid məşhur Bayö qobeleni təxminən 900 ildən sonra ilk dəfə Böyük Britaniyaya gətirilib.
Visiontv.az BBC-yə istinadla xəbər verir ki, uzunluğu 70 metr olan nadir tarixi əsər gücləndirilmiş polis müşayiəti ilə Fransanın şimalındakı gizli məkandan Londondakı Britaniya Muzeyinə çatdırılıb. Qobelen sentyabr ayından etibarən muzeydə nümayiş olunacaq.
Tarixçilərin fikrincə, Bayö qobeleni təxminən min il əvvəl İngiltərədə hazırlanıb. Əsərdə 1066-cı ildə baş vermiş Hastinqs döyüşü və İngiltərənin normanlar tərəfindən fəthinə aparan hadisələr 58 səhnədə təsvir olunur. Bu hadisə ölkənin tarixində dönüş nöqtəsi hesab edilir.
Alüminium çərçivə ilə qorunan xüsusi yeşik yük maşınından Britaniya Muzeyinin qəbul məntəqəsinə endirilib. Mərasimdə Fransanın Böyük Britaniyadakı səfiri, Britaniya Muzeyinin direktoru Nik Kallinan və məhdud sayda qonaqlar iştirak ediblər.
Britaniya Muzeyinin direktoru Nik Kallinan bildirib ki, Bayö qobeleninin təxminən min ildən sonra ilk dəfə Britaniyaya qayıtması tarixi hadisədir və muzey bu nadir eksponatı mümkün qədər çox ziyarətçiyə təqdim etməkdən məmnundur.
visiontv.az