Böyük Britaniya SEPAH-I rəsmi olaraq ölkənin milli təhlükəsizliyinə təhdid olaraq tanıyıb
19.07.2026

Böyük Britaniya hökuməti bəyan edib ki, İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) 2026-cı il “Milli Təhlükəsizlik Qanunu” əsasında rəsmi olaraq ölkənin milli təhlükəsizliyinə təhdid kimi tanıyıb və qadağan olunmuş təşkilatlar siyahısına daxil edib. Bu qərar Böyük Britaniya parlamentinin təsdiqindən sonra qüvvəyə minib.

Bu qanuna əsasən, SEPAH-a dəstək ifadə etmək, o cümlədən Böyük Britaniya hökumətinin ölkənin təhlükəsizliyinə təhdid hesab etdiyi fəaliyyətlərini tərifləmək və ya təşviq etmək cinayət sayılır və buna görə 14 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.

Həmçinin SEPAH-a maddi yardım göstərmək və ya bu qurumdan hər hansı maddi mənfəət, o cümlədən pul almaq da cinayət məsuliyyəti yaradır və oxşar cəzalar nəzərdə tutulur.

Böyük Britaniya hökuməti əlavə edib ki, SEPAH adından sabotaj və ya digər düşmən xarakterli fəaliyyətlər həyata keçirən şəxslər 2023-cü il Milli Təhlükəsizlik Qanunu əsasında da cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Bu qanun üzrə bəzi cinayətlərə görə ömürlük həbs cəzası nəzərdə tutulur.

visiontv.az