Son günlərdə Taleh Yüzbəyovun çəkdiyi reklam ətrafında kəskin müzakirələr gedir. Hətta onu sosial media üzərindən daşa tutublar desəm də yanılmarıq.
Ona seksist deyən də var, qadınlara qarşı hörmətsizlikdə ittiham edən də. Amma dürüst olsaq, niyə təbiiliyin sünilikdən daha yaxşı olduğunun tibbi tərəfinə toxunan yoxdur və ya toxunmaq istəyən? Azərbaycan cəmiyyətində təəssüf ki, dəb xətrinə bədənini plastik müdaxilələrə məruz qoyanların sayı artıb. Bunu hər kəs ictimaiyyətə çıxdığı zaman müşahidə edə bilər.
Estetik cərrahiyyə tibbin vacib sahəsidir və travma, anadangəlmə qüsurlar və ya insanın həyat keyfiyyətini ciddi pozan hallarda böyük fayda verir. Lakin tibbi zərurət olmadan edilən hər əməliyyat yenə də əməliyyatdır: narkoz, infeksiya, qanaxma, sinir zədələnməsi, çapıq qalması və uğursuz nəticə riski daşıyır. Bundan başqa, xarici görünüşlə bağlı narazılığın səbəbi bəzən psixoloji olur və bunu skalpel həll edə bilmir. Buna görə də cəmiyyət olaraq insanları təhqir etmədən, lakin lazımsız cərrahi müdaxilələrin risklərini açıq danışmaq lazımdır. Təbii görünüşü təşviq etmək heç də plastik əməliyyat keçirmiş insanları alçaltmaq demək deyil, nə də qadınlara qarşı hörmətsizlik zənnimcə.
Neandertal
visiontv.az