Biz 2040-cı ilə (Azərbaycan mədəniyyəti - 2040 konsepsiyası) gedə bilsək, 121 il geridən yola çıxacağıq.
İzah etməyə çalışacağam: 1906-cı ildə mühacirətdə yaşayan rus yazıçıları Lunaçarski, Qorki və Boqdanov ictimai fikri sənət vasitəsilə dəyişmək üçün "Proletar Mədəniyyəti təşkilatı" deyə bir hərəkatın təməlini qoydular. Rusiyada bolşevik inqilabından sonra bu sənət hərəkatı daha da böyüdü və iş başına keçdi. Qısa adı "Proletkult" olan bu hərəkat mədəniyyət sferasında müstəqil və kütləvi fəhlə hərəkatı idi.
İnqilabdan sonra hərəkat üzvləri məktəblərdə, emalatxanalarda və teatr dərnəklərində fəhlə və kəndlilərdən elm və sənət adamı düzəltməyə başladılar. Onlar "sənət xalq üçündür" devziylə yola çıxmışdılar. Sənəti marksizmlə maskalanmış bolşevizmlə əlaqələndirir, yaradıcılığı sosial və sinfi bir hadisə kimi görürdülər.
Proletkultçuların lideri Boqdanov 19-cu əsrin sosialist utopikləri Sen-Simon və Furyedən təsirlənərək sənətin əsas rolunun ictimai həyatı təşkil etmək olduğuna inanırdı. Sənəti istehsalın, əməyin bir növü kimi xarakterizə edirdi.
Bu sənət cəmiyyətə yön verməklə bərabər yaradıcılığı fərdilikdən uzaqlaşdırıb kütləviləşdirəcəkdi. Proletkultun yaratmaq istədiyi “yeni Mədəniyyət” bütün həyatı bədiiləşdirəcəkdi. Yeganə əmək bədii əmək olacaqdı.
Boqdanov, Lunaçarski və Qorki sənəti elm və texnika, istehsalatla vəhdətdə görürdü. Onlar və davamçıları sənət aləmində ortaya çıxan ideyaları fabriklərə, emalatxanalara, zavodlara, tarlalara uyğunlaşdırır və yayırdılar. Ortaya çıxan sənət adamları isə "Bəxtiyar" filmindəki "Hüseynova bacıları" idi.
Proletkultun məqsədi Rəşid Behbudovu kəşf etmək deyildi, "Hüseynova bacıları"ndan mədəni elita yaratmaq idi. Rəşid Behbudov bu elitada təmsil olunmaq istəyirdisə, "Hüseynova bacı"larına qardaşlıq etməliydi.
Bu gün də Azərbaycan mədəniyyəti dediyimiz şey "Hüseynova bacıları"nın özfəaliyyətindən ibarətdir. Bərk-bərk yapışdığımız mədəni dəyərlər proletkultun "beyin yumaq" üçün icad etdiyi qeyri-estetik "dəyərlərdir".
Mədəniyyətin bu növü 121 il əvvəl sovet cəmiyyəti üçün uydurulmuşdu, arxasında sovet hökuməti dayanırdı. Bu gün də bu proletkult həmrəyliyi özünə alternativ gördüyü hər şeyi beşikdəcə boğur. Və bu qətli inzibati səriştənin əliylə törədir.
Dəyər dəyişməsə, mədəniyyət də dəyişməyəcək. Cəmiyyətimiz XXI əsrdə də dünyaya proletkult gəlib proletkult gedəcək...
Aqşin Yenisey
visiontv.az