Bəhreyn və Küveyt vuruldu
08.07.2026

Bəhreyn və Küveyt raket və PUA təhlükəsi səbəbindən həyəcan vəziyyətinə keçib.

Bölgədə hərbi gərginliyin artması fonunda Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə hava hücumu xəbərdarlığı siqnallarının işə salındığını təsdiqləyib və vətəndaşlarla sakinləri sakitliyi qorumağa, ən yaxın təhlükəsiz yerə getməyə çağırıb.

Nazirliyin X sosial şəbəkəsində yayımladığı bəyanatda təhdidin mahiyyəti barədə məlumat verilməyib, yalnız təhlükəsizlik qaydalarına əməl olunması istənilib.

Bu arada Küveyt ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və hücum PUA-larını zərərsizləşdirmək üçün fəaliyyət göstərdiyini açıqlayıb. Ordunun X hesabında yayımlanan məlumatda deyilir: “Küveytin hava hücumundan müdafiə qüvvələri hazırda raketlər və hücum PUA-ları ilə qarşıdurma aparır.”

Küveyt ordusu əlavə edib ki, ölkədə eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin hücum edən sursatları məhv etməsi ilə əlaqədardır. Bəyanatda raket və PUA-ların hansı istiqamətdən buraxıldığı barədə məlumat verilməyib.

Bu hadisələr SEPAH-a bağlı Xatəmül-Ənbiya Qərargahının  ABŞ-ın son hücumlarının “qəti cavab” alacağını bəyan etməsindən sonra baş verib.

Eyni zamanda, SEPAH-a yaxınlığı ilə tanınan Fars xəbər agentliyi iddia edib ki, ABŞ-ın son hücumlarına cavab olaraq “ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən Beşinci Donanmasının qərargahı hədəfə alınıb və ərazidə bir neçə partlayış baş verib.”

Bu xəbərin hazırlandığı ana qədər sözügedən iddia ilə bağlı əlavə məlumat yayılmayıb, ABŞ və Bəhreyn rəsmiləri isə buna münasibət bildirməyiblər.

visiontv.az