Azad Avropa/Azadlıq Radiolarının (RFE/RL) rumın və bolqar xidmətləri büdcə səbəblərinə görə 2026-cı il martın 31-dən fəaliyyətini dayandırır.
Bu redaksiyalar ilk dəfə 1950-ci ildə açılıb. 2004-cü ildə Rumıniya və Bolqarıstan Avropa İttifaqına (Aİ) qoşulduqdan sonra həmin ölkələrə radio yayımları dayandırılıb. 2019-cu ildə hər iki redaksiya rəqəmsal formatda fəaliyyətini bərpa edib.
RFE/RL prezidenti Stiven Kapus rumın və bolqar xidmətlərinin jurnalistlərin işini yüksək qiymətləndirib: "Onların bağlanması qərarı büdcə məhdudiyyətlərinin davam etməsi ilə əlaqədardır. "Свободна Европа" və "Europa Liberă România"nın 2019-cu ildə Bolqarıstan və Rumıniyaya qayıdandan bəri məşğul olduğu prinsipial və balanslı jurnalistika ilə fəxr edirik. Bu komandalara son yeddi ildə auditoriyalarına və AzadlıqRadiosuna sədaqətə görə minnətdarıq".
Donald Tramp administrasiyası ötən ilin yanvarında vəzifəyə başlayandan AzadlıqRadiosu ciddi maliyyə problemləri ilə üzləşib. Ötən ilin martında radioya nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM) ABŞ Konqresinin 2025-ci maliyyə ili üçün ayırdığı qrantı bloklamağa cəhd göstərib. Məhkəməyə müraciətdən sonra vəsait hissə-hissə ödənib. Radionun 2026-cı il üçün büdcəsi isə 20 faizdən çox azaldılıb.
AzadlıqRadiosu ABŞ Konqresinin illik qrantı ilə maliyyələşir. Korporasiyanın nizamnaməsi onun redaksiya fəaliyyətinə hər hansı siyasi müdaxiləni yasaqlayır. AzadlıqRadiosu azı 20 dildə fəaliyyət göstərir. Radio ciddi qənaət tədbirlərinə əl atmaqla yanaşı, fəaliyyətini uğurla davam etdirir.
visiontv.az