Yeri zibilləyənlər, zəhərləyənlər onu qoruyanlardan qat-qat çoxdur
23.04.2024

Gün keçdi... 22 aprel – “Beynəlxalq Yer günü” idi. Yer planetini zəhərli tullantılardan, kimyəvi maddələrdən, təbiətə qəsd edənlərdən, ekoloji qatillərdən qoruyanların günü idi.

Lakin Yeri zibilləyənlər, zəhərləyənlər onu qoruyanlardan qat-qat çoxdur. Böyük dövlətlər Yeri bir cürə, kasıb ölkələr başqa cürə zibilləyir. Biz insanlar da hərəmiz bir yandan Yerin bağrını sökürük. Yerə tüpürən ikiayaqlı varlıqlardan tutmuş, ağacların dibinə nöyüt tökən vandallara, sellofan torbaları küçəyə atan nadanlara qədər hərə öz çapında ekologiyaya zərbə vurur, iqlim dəyişikliklərini sürətləndirir.

Biz isə bu il COP29-a ev sahibliyi edəcək ölkəyik.

Odur ki, hər birimiz ekoloji mədəniyyətə və mədəniyyətin ekologiyasına ciddi önəm verməli, “Yaşıl dünya naminə həmrəylik ili”nin ruhuna uyğun davranmalıyıq.

Bir sözlə, bu il bütün dünya təbiətə sevgini, təmiz şəhər qaydalarına hörməti məhz bizdən öyrənməlidir. Biz dünyaya eko-müəllimlik etməli, iqlim dərsləri keçməliyik. Biz Yer kürəsi adlı ümumi evimizi necə qorumağın yeni konseptini təqdim etməliyik. Hər bir azərbaycanlı yaşıl dünyanı qurmaq istəyən insanlar üçün rol model ("Role model") olmağı bacarmalıdır.

Görəsən, biz bunu bacaracayıqmı?

Əlbəttə, bu, elə də asan məsələ deyil. Ancaq başqa yolumuz da yoxdur, gərək bacaraq!

Bəybala Mirzəyev

visiontv.az