Yazılarımı deyil, qeydlərimi paylaşıram. Yazı yazmaq bir ömürə bədəl olacaq fəaliyyətdir.
Bizdə yazı yaza bilən yoxdur,
Son yüzillikdə də yazısı olan azərbaycanlı nə oxudum, nə tanış oldum.
Bizim yazımız yoxdur. Ən böyük dərdimiz də budur.
Yazı nədir?
Sözləri ardarda, yan yana, arxa arxaya düzüb cümlə quranlar Yazı bilməzlər. Cümləyə şəkil çəkərlər.
Yazı İzdir, bu İz nə kağıza aiddir, nə şüşəyə aiddir, nə kitaba aiddir. Yazı insana aid edilmiş həyat qurmanın tək üsülüdür ki, yerlə göy arasında birliyin vəhdətini üzə çıxarır və onu əbədiyyətin parçası etməyə çalışır. Yazı hər kimliyin özüdür.
Özü olmayan başqasının yazısını yazar, başqasının dilini danışar, özünü tanımaz.
Özünü tanımayan yazısını tanımaz.
Yazının yeri hardadır?
Yazının yeri iç dünyamızdakı birliyimizdədir, bu içimizdəki birlik təxəyyul, hafizə və təfəkkürün biri birilə münasibətilərindən doğar.
Azərbaycanlaşdırıldıqdan sonra özümüzə aid yazımız olmadı,
Şeir yazı deyildir. Şeirin içində təxəyyul, hafizə və təfəkkür axtardığca şeiri deyil, Şairi ilahlaşdırdıq. Bu Şair isə divanə bir kimlik olaraq sözün bəzəyində gizləndi, özünü deyil, bəzəyi bəzədi. Şəbəkələrdə paylaşımlar edən azərbaycanlıların sığndığı cümlələr fabrika cümlələridir, özünü bir şey sananların cümlələri isə fabrikadakı gürültünün küyüdür.
Küyə basılıb yaşayanın səsi olmadığı kimi dildə gizlənən sözün kəsəri olmaz.
Səbəb nədir?
Sözümüzü vurgu vurub, vurğulaşan sözün içində çabalayırıq.
Bizim dilimiz vurğusuz dildir, dilimizi vurğulu edənlər öz dillərinə bənzədib, bizə də vurğu gətirdilər.
Və dil girov görtürüldü.
"Səni vurğu vursun" qarğışını xatırlayın.
Bizi vurğu vurdu. O gündən bu günə yazımız olmadı və olmayacaq da.
Yeni yazıya ehtiyacımız var, yeni Yaza ehtiyacımız var,
Yazla yazı başlar və təbiət öz yazısını yazmağa keçid edər,
İnsan da yazı ilə başlar və öz yazısını yazmağa başlar.
Yaz gəlir, Yazı isə yaza bilənlərlə gələcək,
Gözəl bayramlar.
İdris Heydərli
visiontv.az