Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında 79 yaşlı Polad Bülbüloğlunu Mədəniyyət komitəsinin sədri seçdilər. Elə sovet dövründə də adətən bu cür önəmli vəzifələrə yaşlı-başlı məşhur müğənniləri, aktyorları, rejissorları təyin edirdilər.
Lakin dünya dövlətlərinin bir çoxunda isə parlamentin mədəniyyət komitəsinin rəhbəri vəzifəsinə müğənni və ya aktyor yox, ilk növbədə mədəniyyət və incəsənət sahəsində biznesin təşkili və idarə edilməsi üzrə təhsil almış, mədəni və yaradıcı sahə üzrə menecment ixtisasına yiyələnmiş və eyni zamanda hüquq təhsili olan, mədəniyyətə konseptual fəlsəfi və siyasi yanaşmalar ortaya qoyan, strateji vizyona malik şəxsləri seçirlər.
Biz başa düşməliyik ki, indi sovet dövrü deyil və mədəniyyət amili də artıq şablon bayramlar və yubiley tədbirlərinin təşkili ilə məhdudlaşmır. Bu gün dünyadakı mürəkkəb geosiyasi reallıqlar və ölkəmizə qarşı həm siyasi, həm də mədəni, ideoloji müstəvidə keçirilən informasiya hücumları mədəniyyətin aktyor-müğənni işindən daha çox milli təhlükəsizlik məsələsi olduğunu ortaya qoyur.
Ona görə də biz hazırkı qlobal təlatümlər fonunda mədəniyyətin siyasi önəminə daha çox diqqət yetirməliydik.
Təsadüfi deyil ki, ABŞ prezidentinin sabiq milli təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bjezinski məşhur “Şahmat taxtası” adlı əsərində etiraf etmişdi ki, Birləşmiş Ştatların xarici siyasətinin uğurunu təmin edən amillərdən biri də Ağ Evin çevik mədəniyyət siyasətidir.
Fransa və Rusiya da eyni xətti yürütməyə çalışır. Paris və Kreml öz mədəniyyətlərini dünyaya həm də fransız dili və rus dilinin təbliği yoluyla yaymağa səy göstərir. Yəni ki, onlar üçün dövlət dili həm də mədəni ekspansiya vasitəsidir, başqa xalqların siyasi və mədəni reallıqlarına ciddi təsir instrumentidir.
Bəs bizim mədəniyyət siyasətimiz, mədəniyyət doktrinamız hansı yanaşmaların üzərində qurulub?
Prioritetlərimiz nədir?
Və ümumiyyətlə, Milli Məclisin qocaman komitə sədrinin bu istiqamətdə hər hansı bir konsepsiyası və yaxud təklifləri varmı?
Bəybala Mirzəyev
visiontv.az