Vilayəti bu qənaətə gəlib ki, guya Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasından imtina edib
Vilayəti bu qənaətə gəlib ki, guya Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasından imtina edib
16.12.2024 Elxan Şahinoğlu Tərəfindən

İranın mühafizəkar dairələri Türkiyə və Azərbaycana dil uzatmaqdan imtina etmək istəmirlər. İranın ali dini liderinin müşaviri Vilayəti Azərbaycanla İran arasında son hərbi təlimlərdən bu qənaətə gəlib ki, guya Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasından imtina edib.

Hərbi təlimlərin dəhlizə nə dəxli var? Dəhlizdən imtina etməmişik, bu mövzu ətrafında Azərbaycanla Ermənistan rəsmiləri arasında danışıqlar dondurulmayıb. Azərbaycan İranla sərhədin daha yaxşı qorunmasıyla bağlı ona görə təlimlər keçirib ki, 1) sərhəd daha yaxşı qorunsun, İrandan Azərbaycana narkotik maddələrin keçirilməsinin qarşısı tamamilə alınsın; 2) Tehran “niyə Azərbaycanla yalnız Türkiyə ilə hərbi təlimlər keçirir” yanaşmasından əl çəksin. Ancaq faydası yoxdur, yenə Azərbaycanı hədəf almaqda davam edirlər.

Bu dəfə Türkiyəni hədəf seçiblər. İranın mühafizəkar dairələri Əsəd rejiminin yıxılmasından yaman dilxor olublar. Bu təbiidir. Əsəd Suriyada İranın maraqlarını təmin edir, İrandan göndərilən silah və maliyyənin ərazisindən qonşu Livandakı “Hizbullah” qruplaşmasına çatmasına yardımçı olurdu. Bu zaman Əsəd rejiminin minlərlə günahsız insanı öldürməsi, rəqiblərinə işgəncələr verməsi, türmələrdə çürütməsi İran İslam Respublikasının rəhbərliyini qətiyyən narahat etmirdi. Əksinə İranın ali dini lideri Əli Xamneyi deyib ki, Əsədin süqutunda ABŞ, İsrail və “qonşu dövlətlərdən birinin” rolu olub. Xameneyi “qonşu dövlətlərdən biri” dedikdə Türkiyəni nəzərdə tutub. Yəni Xameneyinin məntiqinə görə, Əsəd rejimini ayaqda saxlamaq olardı, sadəcə böyük qüvvələr buna mane oldu. Əsəd rejiminin ayaqda qalması üçün Suriya xalqının ona dəstəyi və ordusunun sədaqəti lazım idi. Hər ikisi Əsəddən üz çevirdi, əks halda silahlı müxalifət döyüşsüz 12 günün içində şəhərləri və paytaxtı asanlıqla ələ keçirə bilməzdi. İranın mühafizəkar dairələri bu reallığı anlamaq əvəzinə Əsədin xislətini çəkirlər.

Elxan Şahinoğlu

visiontv.az