Ukrayna-Rusiya müharibəsi Ermənistan üçün qızıl mədəni kimi bir şeydir
Ukrayna-Rusiya müharibəsi Ermənistan üçün qızıl mədəni kimi bir şeydir
28.08.2024 Elbəyi Həsənli Tərəfindən

Ermənilər siyasi baxımdan Qərbi, iqtisadi baxımdan Rusiyanı seçib.

İyul ayında İlham Əliyev bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müzakirə olunan məsələlərin 80-90 faizi öz həllini tapıb. Ötən ilin yazında həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin noyabrında Bakıda keçiriləcək COP29-a qədər razılığa gələ biləcəklərinə əmin olduqlarını bildirmişdilər. Məntiqlə çoxdan sülhı nail olmalıydıq.

Daha sonra isə Zəngəzur dəhlizi məsələsi qarşılıqlı razılaşma əsasında danışıqların predmeti kimi gündəmdən çıxarıldı. Bu isə o deməkdir ki, biz indi sülhə daha yaxınıq.

Ancaq bəzi ekspertlər iddia edirlər ki, bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanması gözlənilmir. Əksinə, tərəflər sülhdən daha çox müharibəyə yaxındırlar.

Rəsmi Bakı Yerevanın ATƏT-in Minsk Qrupunun buraxılmasına çağırış etməsini istəyir, İrəvanın bunu yalnız sülh sazişi razılaşdırıldıqdan sonra etməyə hazır olduğu bildirir. İkinci önəmli məsələ isə ondan ibarətdir ki, Azərbaycan tərəfi Ermənistanın konstitusiyasından Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəanın çıxarılmasını tələb edir. Bunun üçünsə Ermənistanda referendum keçirilməlidir. Nikol Paşinyan isə ermənilər tərəfindən etirazla qarşılanacaq belə bir referenduma getmək istəmir.

4 kəndin Azərbaycana geri qaytarılmasına Ermənistan əhlisinin təxminən 80 faizi (79.7) etiraz edirdi. Heç şübhəsiz ki, Dağlıq Qarabağla bağlı müddəanın konstitusiyadan çıxarılmasına daha çox erməni etiraz edəcək. Ermənilər Dağlıq Qarabağı itirdiklərinin fərqindədirlər. Ancaq Ermənistanın bunu konstitusiyadan çıxarması həm də o deməkdir ki, ermənilər gələcəkdə də Qarabağ məsələsini qaldıra bilməyəcəklər.

“ The Gallup International” sorğu mərkəzinə inansaq Nikol Paşinyanın şəxsi nüfuzu da son dərəcə aşağıdır. Məsələn, iyul ayında bu göstərici cəmi 13.4 faiz olub.

Qərbin və İranın (hətta Azərbaycanın) son dərəcə ciddi dəstəyinə baxmayaraq Nikol Paşinyan faktiki olaraq güclə iqtidarda qalıb. Problem həm də ondadır ki, erməni xalqı Nikol Paşinyana müxalif olan siyasi düşərgəni, yəni Qarabağ klanını heç sevmir. Yoxsa Nikol Paşinyanı çoxdan aşırmışdılar.

Ermənistan cəmiyyəti parım-parça olub. Belə bir cəmiyyətin siyasi rəhbərliyi ilə həyati əhəmiyyət kəsb edən məsələlərdə ortaq məxrəcə gəlmək son dərəcə çətindir.

Bu arada isə Ermənistan sürətlə silahlanır. İndi az qala bütün dünya Ermənistana silah satır: ABŞ, Fransa, Almaniya, Hindistan, İran...Bu ölkələrin Rusiya kimi Ermənistana pulsuz-parasız silah verdiyini düşünmək sadəlövhlük olardı. Bəs Ermənistan bu qədər silahı almaq üçün pulu haradan tapır?

Bəllidir ki, Ermənistan sürətlə Rusiyadan uzaqlaşır və Qərbə doğru addımlayır. Buna baxmayaraq, Ermənistanın aldığı silahın böyük bir hissəsinin parasını yenə Rusiya ödəyir? Hə, buna inanmaq çətindir. Ancaq bu, məhz belədir.

Xatırladım ki, Qərbin Rusiyaya (eləcə də İrana) tətbiq etdiyi sanksiyalar Ermənistanın işinə yarayır. Qərb mediası dəfələrlə etiraf edib ki, Ermənistan Rusiyanı Qərbin tətbiq etdiyi sərt sanksiyalardan yayındırmaq üçün öz imkanlarından geninə-boluna istifadə edir. Belə ki, Rusiyanın (eləcə də İran) sanksiya ucbatından ala bilmədiyi mallar saxta şirkətlər üzərindən Ermənistanda qəbul olunur. Daha sonra həmin mallar Rusiyaya çatdırılır. Təsəvvür edin ki, Ermənistan Rusiyadan uzaqlaşır, ancaq bu ölkələr arasında ticarət mübadiləsi çiçəklənmə dövrünə qədəm qoyub. Söhbət milyard dollarlarla gəlirdən gedir. Qərb mətbuatı yazır ki, 2022-ci illə müqayisədə 2024-cü ildə Rusiya-Ermənistan ticarət mübadiləsi 2 dəfə artaraq 5.6 milyard dollara çatıb. Bu, hələ rəsmi statistikadır. Qeyri-rəsmi olaraq isə söhbətin ən azı 15 milyard dollardan getdiyi ehtimal edilir. Yəni Azərbaycan bu qədər neft və qazdan əldə etdiyi gəliri ermənilər Qərbdəki müttəfiqlərinə kələk gələrək qazanırlar. O da sirr deyil ki, İran silahları da Ermənistan üzərindən Rusiyaya ötürülür. Bu alverdən də Ermənistan xeyli pul qazanır.

Şübhəsiz ki, Qərb balaca Ermənistanın sanksiyalardan istifadə edərək böyük paralar qazanmasından xəbərdardır. Bu barədə ara-sıra yazırlar da. Ancaq daha çox bu məsələni malalamağa, açıb-ağartmamağa üstünlük verirlər. Ermənistan Qərbin ərköyün uşağı kimi bir şeydir. Zatən tarixən də belə olub. Bir düşün ki, Azərbaycan Ermənistan kimi sanksiyalara məhəl qoymayıb Rusiyaya yardım etsə idi nələr olardı? ABŞ və Avropa İttifaqının bütün siyasi qurumları, qeyri-hökumət təşkilatları sürü ilə Azərbaycanın üzərinə yeriyərdilər. Ancaq söhbət Ermənistandan gedəndə Qərb bu kimi cinayətlərə həvəslə göz yumur.

Bu faktdır ki, Qərbin Rusiya və İrana sanksiya tətbiq etməsi Ermənistanın əlini gücləndirib. Ermənilər daha pula pul demirlər. Ona görə də istədikləri silahı da asanlıqla alırlar. Ukrayna-rusiya müharibəsi Ermənistan üçün qızıl mədəni kimi bir şeydir.

Nikol Paşinyan iqtidarı isə sanksiyalardan dolayı yaranmış bu tarixi fürsətdən məharətlə istifadə edir. Əldə olunmuş gəlirin böyük bir hissəsini isə silah idxalına yönəldir. Nəticədə Rusiyadan daxil olan pulların hesabına Ermənistanın müdafiə qüdrəti güclənir.

Ermənistanın siyasi eksperti Erik Hakopyan deyir: “İndi Ermənistan və Azərbaycan arasında hərbi paritet yoxdur. Hazırda məqsəd odur ki, Azərbaycanın Ermənistana qarşı hər hansı təcavüzü onlara mümkün qədər baha başa gəlsin. Biz yaxın perspektivdə Azərbaycanla hərbi balansı bərabərləşdirmək, uzunmüddətli perspektivdə isə üstünlük əldə etməyi hədəfləyirik".

Ötən yazılarımın birində yazmışdım: Ermənistanda yalnız Rusiyaya bağlı Qarabağ klanı revanşizmə can atmır. Ermənistanın son dərəcə məlumatlı nəsrlərindən olan “Hraparak” elə bu ilin martında maraqlı bir xəbər yaydı. Məlum oldu ki, Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Hakob Aslanyan müsahibələrinin birində belə deyib: “Belimizi tam düzəltmək üçün bizə 1-1,5 il vaxt lazımdır və ondan sonra biz türklərlə başqa cür danışacağıq”. İlham Əliyev həmin müsahibəni Nikol Paşinyanın qarşısına qoyub və deyib: “Sizin siyasi komandanızda revanşistlər var və siz isə məni başqa şeyə inadırırsız”.

Biz Azərbaycan olaraq bütün bunları nəzərə almaq zorundayıq. Heç bir halda Cənubi Qafqazda hərbi balansın pozulmasına imkan vermək olmaz.

Elbəyi Həsənli. Sürix

visiontv.az