“TRIPP” layihəsi çərçivəsində heç bir konspirasiya yoxdur
10.07.2026

Nikol Paşinyan “TRIPP” layihəsi ilə bağlı İranın mümkün narahatlıqları barədə danışıb. “TRIPP” layihəsi çərçivəsində heç bir konspirasiya yoxdur. Ermənistan blokadadan çıxarılmalı, region da blokadadan çıxarılmalıdır. Yəni qatarlar, avtomobillər hərəkət etməli, elektrik enerjisinin tranziti həyata keçirilməli, ola bilsin, qaz kəmərləri, neft kəmərləri, boru xətləri və kabellər işləməlidir. Burada narahatlıq doğuran nə var?

Biz şəffafıq, istənilən suala cavab verə bilərik və cavab verməyə hazırıq. Bu mesajı da çatdırmışıq.

Narahatlıq - narahatlıqdır, amma narahatlığın nədən ibarət olduğunu formalaşdırmaq lazımdır. Biz əminik ki, bütün narahatlıqlar aradan qalxacaq.

Biz bütün tərəfdaşlarımızla - İranla, Rusiya ilə, Gürcüstanla, Azərbaycanla, Türkiyə ilə, Avropa İttifaqı ilə, Mərkəzi Asiya ölkələri ilə, Çinlə işləməyə davam edəcəyik. Hamı ilə işləyəcəyik, çünki bu, qlobal layihədir və aydındır ki, zaman keçdikcə bu layihənin dəyəri və əhəmiyyəti artır. Biz onun icrasına bir dəqiqə tez başlamaq istəyirik.

Mənim anladığım qədər, Amerika tərəfi də bunu istəyir. İndi normal prosedurları təmin etmək lazımdır ki, ümid edirəm, bu ilin payızında artıq yerdə ilk işlərə başlanılsın.

Bəli, yeri gəlmişkən, çox vacibdir ki, “TRIPP” layihəsi çərçivəsində birbaşa olmasa da, bu prosesin həyata keçirilməsi nəticəsində biz Fars körfəzindən Qara dənizə qədər dəmir yolunu açacağıq. Ermənistanla İran arasında ticarət-iqtisadi əlaqələrin imkanları əhəmiyyətli dərəcədə genişlənəcək.

İran İslam Respublikasının ticarət-iqtisadi imkanları da ciddi şəkildə artacaq. Yəni bu detalları nəzərə aldıqda, “TRIPP” layihəsi və onun həyata keçirilməsi səmimi şəkildə və birbaşa İran İslam Respublikasının da maraqlarından irəli gəlir.

visiontv.az