Siyasi məhbuslar Nərgiz Məhəmmədiyə dəstək məktubu yazdı
26.10.2024

Tehranın Evin həbsxanasında saxlanılan 22 siyasi məhbus qadın azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi ilə bağlı məktub yazıblar.

Onlar Məhəmmədinin bir neçə xəstəlikdən əziyyət çəkdiyini, hazırda vəziyyətinin ağır olduğunu bildiriblər.

Məktub müəllifləri həbsxana rəhbərliyinin məhbus hüquq müdafiəçisinin həbsxanadan kənar xəstəxanada müalicəsinə icazə verməməsini tənqid ediblər.

Bildiriblər ki, onun həyatına olan istənilən təhlükəyə görə həbsxana rəhbərliyi, məhkəmə sistemi və ümumilikdə İran hakimiyyəti məsuliyyət daşıyır.

Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində anadan olan və 2023-cü il Nobel Sülh Mükafatını alan Nərgiz Məhəmmədi  bundan əvvəl müxtəlif ittihamlara görə 12 il 3 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.

Bir neçə gün əvvəl isə Tehranın İnqilab Məhkəməsi Nərgiz Məhəmmədi barədə edam hökmlərinin icrasına etiraz etdiyinə görə daha 6 ay həbs qərarı çıxarıb.

visiontv.az