Cari günəş ilinin (21 mart-21 avqust) ilk 5 ayı ərzində Şərqi Azərbaycan əyalətində 674 nəfər iş yerlərində baş verən qəzalar nəticəsində ölüb və yaralanıb.
Bu barədə əyalətin Tibbi Ekspertiza Mərkəzinin rəhbəri Mehrdad Sitarə məlumat verib.
Onun sözlərinə görə, qəzalar nəticəsində 39 nəfər həlak olub, 21-i qadın olmaqla 635 nəfər isə yaralanıb.
"19 nəfər hündürlükdən yıxılaraq, 10 nəfərə sərt cism dəyərək, 5 nəfər elektrik cərəyanı vurması nəticəsində, 2 nəfər iş mühitində oksigen çatışmazlığından, 3 nəfər isə yanıq nəticəsində dünyasını dəyişib",- məlumatda bildirilib.
Müstəqil həmkarlar ittifaqları və sinfi fəallar Tibbi Ekspertiza Mərkəzinin verdiyi rəqəmlərin həqiqəti əks etdirmədiyini deyirlər.
Onların fikrincə, ölüm və yaralanma halları rəsmi statistikada göstəriləndən bir neçə dəfə çoxdur.
Fəallar iş yerlərinin çoxunda, özəlliklə tikinti sahəsində, təhlükəsizlik qaydalarının tətbiq edilməməsi və işçilərin qoruyucu geyim, avadanlıqlarla təmin olunmamalarını ölüm hallarının çoxalmasında əsas səbəblərdən biri kimi göstərirlər.
visiontv.az