Rusiyanın sanksiyalı nefti Kubanın sanksiyalı sularına daxil olub
30.03.2026

Rusiya bayrağı ilə üzən, sanksiyalar altında olan Rusiya xam neftini daşıyan tanker Kuba sularına daxil olub. Bu zaman ABŞ Sahil Mühafizəsi ilə qarşıdurma yaranmayıb. Bunu gəmi izləmə məlumatları göstərir.

"The New York Times" qəzeti ABŞ rəsmisinə istinadla Vaşinqtonun Rusiya tankerinin Kubaya çatmasına icazə verdiyi yazmışdı. "Anatoli Kolodkin" tankeri ABŞ administrasiyasının faktiki neft blokadası fonunda Kubaya çatıb.

"Kiminsə bir qayıq yük almasına qarşı deyilik"

ABŞ prezidenti Donald Tramp isə martın 29-da jurnalistlərə deyib ki, "Kiminsə bir qayıq yük almasına qarşı deyilik... onlar da yaşamalıdırlar".

Prezident xəbəri birbaşa təsdiqləməsə də, əlavə edib ki, "Kimsə hazırda Kubaya neft göndərmək istəyirsə, buna qarşı deyiləm, istər Rusiya olsun, ya olmasın".

ABŞ Xəzinədarlığı martın 12-də verdiyi xüsusi lisenziya ilə Kubanın Rusiya nefti almasını qadağan edib, onu məhdudiyyətlər tətbiq olunan ölkələr siyahısına salıb.

"Anatoli Kolodkin" tankeri ABŞ, Avropa İttifaqı və Britaniyanın sanksiyaları altındadır.

ABŞ və İsrailin İranla müharibəsinin dünya bazarlarında yaratdığı çaxnaşmadan sonra Tramp administrasiyası Rusiyaya sanksiyaları müvəqqəti yumşaldıb.

Ukrayna prezidenti Volodimir Zelenski, Avropa liderləri bu qərarı tənqid edib, Moskvanın Ukraynadakı işğalçı müharibəsinə kömək edəcəyini deyiblər.

"Anatoli Kolodkin"ə Rusiyanın Primorsk limanında 700 min barel neft yüklənib.

"Növbədə Kubadır"

Kuba isə iki aydan çox bir müddətdə ilk dəfə neft idxal edir. Ölkədə enerji böhranı dərinləşir, benzin sərt məhdudiyyətlə satılır.

Dəniz Mühafizəsinin tankerin Kuba sularına keçməsinə niyə icazə verdiyi bəlli deyil.

Tramp Kubaya neft daşımalarını bloklayıb. O, martın 27-də Mayamidə iqtisadi forumda İran müharibəsini müzakirə edərkən "növbədə Kubadır" deyib. O, daha öncə də Vaşinqtonun tezliklə Kuba ilə bağlı "nəsə" edəcəyini demişdi.

Tramp ABŞ və Kuba rəsmilərinin danışıqlar apardığını desə də, Havanadan nə tələb etdiyini açıqlamayıb.

Kubada 1959-cu ildə Fidel Kastro inqilabla hakimiyyətə gələndən sonra kommunist hökuməti qurulub, keçmiş Sovet İttifaqı ilə sıx əlaqələr yaradılıb. Floridadan 145 km məsafədə yerləşən bu ada o vaxtdan ABŞ administrasiyaları üçün başağrısına çevrilib.

Tramp dövlət katibi Marko Rubioya Kuba rəsmiləri ilə danışmağı tapşırıb, adanın "dostcasına" tutulmasından danışıb.

visiontv.az