"Rusiya müharibəni başladığı gündən uduzub: Biz Cənubi Qafqazda Rusiyanın təsir dairəsinin zəifləməsinə şahidik..."
"Rusiya müharibəni başladığı gündən uduzub: Biz Cənubi Qafqazda Rusiyanın təsir dairəsinin zəifləməsinə şahidik..."
07.06.2023 MEDİA Tərəfindən

Rusiya-Ukrayna müharibəsində hansı tərəfin qalib olacağından asılı olmayaraq nəticə bizim region üçün necə olacaq?

Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Visiontv.az saytına açıqlama verib:

"Bu sirr deyil ki, Rusiya keçmiş sovet ölkələrini nəzarətdə saxlamaq üçün bir çox ölkələrdə mövcud olan separatçı cərəyanlara bu illər ərzində dəstək veribdi. Biz bunu xüsusilə Azərbaycanın Qarabağ bölgəsində olan separatçılarına Rusiyanın dəstəyi və ərazilərimizin 30 ilə yaxın müddətdə işğalda qalmasına şahid  olmuşuq.

Eləcə də Gürcüstanın Abxaziya və Osetiya bölgələrinin Rusiya tərəfindən ilhaq olunması, Moldovada Dnesteryanı ərazidə separatçılara dəstək verilməsi, həmin bölgənin Moldovanın nəzarətindən kənarda qalması, eyni zamanda da 2014 – cü ildə Kırımın Rusiya tərəfindən ilhaqı, daha sonra isə Luqansk vilayətinin Rusiyanın təsir dairəsinə düşməsi üçün həmin separatçıların Rusiya tərəfindən açıq aşkar dəstək verilməsi, bu ölkənin keçmiş post – sovet məkanında yürütdüyü siyasətin bariz nümunəsidir.  

Nəhayətdə Rusiya Ukrayna cəbhəsində bir bataqlığa düşdü. Bu gün Ukraynaya Rusiyanın təcavüz etdiyi fevralın 24 – dən etibarən isə işğal etdiyi o əraziləri öz əraziləri hesab etməyə başladı. Ukrayna müharibəsində təkcə Ukraynanın taleyi həll olunmur. Bu ölkə ilə yanaşı bir növ keçmiş sovetlərə daxil olan ölkələrin də  taleyi həll  olunmaqdadır.

Rusiyanın Ukraynada sıradan çıxarılması, faktiki olaraq zəifləməsi keçmiş sovetlərə daxil olan ölkələrdə də təsir imkanlarının sıfıra enməsinə səbəb olacaq məsələrdir. Bunun Avropa və ABŞ  da fərqindədir. Ona görə də Ukraynada ABŞ və Avropa tərəfindən Ukraynaya ən yüksək səviyyədə dəstək verilir.  

Görünən budur ki, Rusiya müharibəni başladığı gündən uduzubdur. Baxmayaraq ki, Ukrayna poliqona çevrilibdi. Bu ölkə böyük itkilər veribdi. Ukraynın böyük şəhərləri dağıdılıb və xeyli faciələr yaşanmaqdadır. Lakin Rusiyanın qarşısında duruş gətirilibdi. 

Məsələ burasındadır ki, Rusiya bu savaşda qalib ola bilməz.  Rusiya iqtisadiyyatı çökmək üzrədir. Çünki, bu dövlət demək olar ki. bütün dünya ilə savaşır. Biz Cənubi Qafqazda da Rusiyanın təsir dairəsinin zəifləməsinə şahidlik etməkdəyik. Rusiyanın zəifləməsi  Azərbaycanın bölgədə güclənməsinə rəvac verəcək. İşğalçı Ermənistanın arxasında 30 il ərzində məhz Rusiya dayanmışdı. Bu gün Rusiya zəiflədikcə ermənilərin də mövqeyi zəifləyir. Digər post - sovet ölkələr də Rusiyanın zəifləməsi fonunda daha çox müstəqiillik əldə etməyə nail olacaqlar. Rusiyanın sıradan çıxması keçmiş sovet ölkələrinin daha da inkişaf etməsinə gətirib çıxaracaq."

Bünyamin Bünyadzadə

Visiontv.az