Rusiya casusluqda ittiham etdiyi Britaniyanın 6 diplomatını ölkədən çıxaracaq
16.09.2024

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) Britaniyanın 6 diplomatını casusluqda ittiham edib və onların akkreditasiyasını geri götürmək barədə qərar qəbul edildiyini bildirib.

Rusiya dövlət televiziyası FSB kimi tanınan təhlükəsizlik xidmətinin rəsmisinə istinadən onların ölkədən çıxarılacağını bildirib. Diplomatların ölkədən çıxarılması baş nazir Keir Starmerin prezident Co Baydenlə danışıqlar aparmaq üçün Vaşinqtona səfəri zamanı baş verir. Bu danışıqlarda Ukraynanın Qərbin təchiz etdiyi silahlardan Rusiya daxilindəki hədəflərə qarşı istifadə etməsi tələbi də yer alacaq.

Starmer ABŞ-a gedərkən deyib ki, Britaniya “Rusiya ilə heç bir münaqişə istəmir. Rusiya bu münaqişəyə başlayıb. Rusiya Ukraynaya qanunsuz müdaxilə edib. Rusiya bu münaqişəyə dərhal son qoya bilər" - deyə, o, jurnalistlərə bildirib.

O, "Ukraynanın özünümüdafiəyə haqqı var və bildiyiniz kimi biz təlim imkanları verərək, Ukraynanın özünümüdafiə haqqını açıq-aydın dəstəkləyirik. Amma biz Rusiya ilə heç bir münaqişə istəmirik. Niyyətimiz zərrə qədər bu deyil" deyib.

Federal Təhlükəsizlik Xidməti (FSB) diplomatların Böyük Britaniya Xarici İşlər Nazirliyinin bölməsi tərəfindən Rusiyaya "əsas vəzifəsi ölkəmizi strateji məğlubiyyətə uğratmaq" məqsədi ilə göndərildiyini və onların "kəşfiyyat toplama və təxribat fəaliyyətlərində" iştirak etdiklərini göstərən sənədlərə malik olduğunu bildirib.

Federal Təhlükəsizlik Xidməti diplomatların şəxsiyyətlərini açıqlamadan bildirib ki, həmin sənədlərə əsaslanaraq və "Londonun çoxsaylı qeyri-dost addımlarına cavab olaraq" Rusiya Xarici İşlər Nazirliyi diplomatların akkreditasiyasını geri götürüb. Agentlik digər diplomatların da "oxşar hərəkətlər" etdiyi aşkar edilərsə, Rusiyadakı "missiyalarının vaxtından əvvəl dayandırılmasının" tələb ediləcəyi barədə xəbərdarlıq edib.

Böyük Britaniyanın Moskvadakı səfirliyi Associated Press-in şərh sorğusuna cavab verməyib. Britaniya Xarici İşlər Nazirliyindən də şərh verilməyib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova onlayn açıqlamasında bildirib ki, "BIz Rusiya Federal Təhlükəsizlik Xidmətinin Britaniyanın qondarma diplomatlarının fəaliyyətlərinə dair qiymətləndirmələri ilə tam razıyıq. Böyük Britaniya səfirliyi Vyana Konvensiyalarında nəzərdə tutulan sərhədləri çox-çox aşıb" deyib. Zaxarova diplomatların "insanlarımıza zərər vurmaq məqsədi daşıyan təxribatçı hərəkətlər" etdiyini bildirib.

Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxiləsindən sonra həm Rusiyada işləyən Qərb diplomatları, həm də Qərb ölkələrində işləyən rusiyalı diplomatların ölkədən çıxarılması getdikcə adi hala çevrilib.

visiontv.az