Rəsmi Kiyev müharibədə dönüş edə bilmək bacarığını göstərdi
09.08.2024

Kurskdakı döyüşlərə dair tezislər.

- Ukrayna tərəfi Rusiyanın Kursk vilayətinə diversiya edilməsinə görə məsuliyyəti üzərinə götürməsə də, rəsmi Kiyev müharibədə dönüş edə bilmək bacarığını göstərdi,

- Belə ki, Ukrayna qoşunları, həm müharibənin Rusiyanın içərilərinə daşımaq təcrübəsinə yiyələndiyini, həm də Rusiyanın təhlükəsizlik və müdafiə boşluqlarına dair əllərində ciddi kəşfiyyat məlumatları olduğunu nümayiş etdirdi,

- Kurskdakı döyüşlər Ukraynanın diversiya qabiliyyətinin effektivliyini ortaya qoyur, üstəlik bu hadisə Rusiyanın təhlükəsizlik strukturlarında genişmiqyaslı həbslərin başlanması üçün əsas yaradır,

- Bütün bunlara baxmayaraq, Ukraynanın Kurskda irəliləməsinə dair bəzi məlumatlar manipulyasiya ola bilər, üstəlik, Kiyevin də hadisəyə dair bəyanatlarda ehtiyatlı yanaşması şübhələr yaradır,

- Çünki Rusiyanın hadisədən necə istifadə edəcəyinə dair problematik təsvirlər mövcuddur. Yəni, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 4-cü maddəsini əsas gətirərək, regiona kollektiv müdafiə adı ilə qüvvələr yerləşdirilməsinə nail olmağa çalışır,

- Bu bəndə istinadda Rusiyanın hüququ olsa da, düşünürəm ki, Ukrayna və Qərb prosesi KTMT daxilində parçalanmanın əyani sübutlarına nail olmaq üçün istifadə edəcək. Çünki indiki həssas şəraitdə KTMT-nin bütövlükdə Ukrayna sərhədindəki mövcudluğu əlavə təhlükələr yaradır,

- Üstəlik, Ermənistan KTMT-də mümkün səsvermə zamanı qərara veto qoya bilər,

- Döyüşlər Ukrayna üçün hərbi cəhətdən nisbi əlamətdarlıq vəd edir, çünki Kiyev Rusiya qoşunlarının diqqətini və trayektoriyasını parçalamağı hədəfləyir,

- Bu o deməkdir ki, Ukrayna ordusu canlı qüvvəsini komplektləşdirməyə nail olub və Rusiyanın diqqəti öz daxilinə yönəldikcə, Ukrayna öz ərazilərində Rusiya qoşunlarının müdafiə və istehkam xətlərini yarmaq üçün lazım olan şəxsi heyəti qismən formalaşdıra bilib,

- Ukraynanın məqsədi Kurskda möhkəmlənmək deyil, heç bunu bacarmaz da, çünki bərkimək üçün daimi və davamlı qüvvə lazımdır ki, bu da Kiyevin əlində yoxdur,

- Ona görə də, Ukrayna qüvvələrinin tezliklə Kurskdan geri çəkiləcəyi başadüşüləndir, ümumilikdə isə bu döyüşlərin Ukraynanın xeyrinə strateji nəticələrindən danışmaq tezdir,

- Kursk döyüşləri Çinin Rusiya və Ukrayna arasında vasitəçilik etmək səylərinin fonunda baş tutdu,

- Ehtimal ki, Ukrayna gözlənilə bilən danışıqlarda Kursk kartını Moskvaya qarşı oynayaraq güzəşt predmeti qoparmağı planlaşdırır,

- Kurskdakı əməliyyatlar motiv və səbəblərindən asılı olmayaraq Rusiya Ukrayna və NATO-ya qarşı nüvə şantajını gücləndirəcək, mümkündür ki, Moskva Kiyevə silahların ötürüldüyü təchizat zəncirlərində sabotajlara imza atsın,

- Kurskun müharibə alovları ilə çalxalanmasının Ukrayna cəbhəsindəki nəzarət dəyişikliyinə birbaşa təsirləri tərəflərin hərbi planlanmasında kimin üstün çıxmasından asılı qalır,

- Ümumilikdə Ukrayna öz ərazilərindəki Rusiya oxunu qıra bilməyib, lakin Rusiyanın diqqəti dağılsa, Ukrayna əks-hücum əməliyyatlarında bəzi uğurlar qazana bilər.Bir 6 nəfər şəkili ola bilər

Aqşin Kərimov, Siyasi təhlilçi

visiontv.az