Hirslə əsən xəziri neft gölməçəlirindən mazut qoxusunu balaca daş daxmaların kiçik pəncərələrinə çırpırdı. O kiçik daxmaların birinin içində böyük çillənin son günü bir oğlan uşağı göz açdı dünyaya. Novxanı kəndində bu xoş xəbərin döymədiyi qapı qalmadı. Hacı molla Ələkbərə gözaydınlığı verən kənd ağsaqqalları ”hacı, əlində ovcunda qalsın, su can ömrü olsun, kəndə, elə-obaya arxa-dayaq olsun” dedilər. Uşağın adını Məhəmməd Əmin qoydular.
Şimaldan əsən acı rüzgarlar isə ac yalquzaqların ulamağını xatırladan əcayib səslə az qalırdı ki, torpağın təkini də sümürüb özü ilə aparsın. Təqvimdə 1884-ci il idi. O vaxt heç kəsin ağlına gəlməzdi ki, bu dindar ailədə doğulan uşaq böyüyüb ağılı, düşüşüncəsi, iradəsi, zəkası ilə sinəsini o şimal küləklərinə sipər etməyə elə bir cəsarətlə cəhd edəcək ki, onun məsləkdaşları ilə səpdiyi istiqlal toxumları o cəsarətdən güc alıb çiçək də açacaq, bar da verəcək.
Məhəmməd Əmin Rəsulzadənin ilk gənclik illəri Üçlər ittifaqı ilə Antanta hərbi-siysai blokları arasında dünyanı bölüşdürmək uğrunda ehtirasların alovlandığı dövrə təsadüf edirdi. Tarixi zərurətin diktəsində müttəfiq olanlar hətta öz aralarında da bir-birini parçalamağa fürsət arayırdı. Qarışıq və ziddiyyətli zaman kəsiyi idi.
Gənc Məhəmməd Əmin mənsub olduğu xalqının ağrılarını hiss edir, onun nicat və səadətini arzularının ümdəsi bilirdi. Əvvəl o arzular imperiya daxilində milli mədəni muxtariyyat tələbi çərçivəsidə doğuldu. Zamanla isə milli mədəni muxtaiyat hürrüyyət və istiqlal eşqilə əvəzləndi. Rəsulzadə fars, rus, ingilis, fransız, polyak, alman dilini bilirdi, Amma O, danışdığı əcnəbi dillərdə də milli Azərbaycan məfkurəsində danışırdı. O, Azərbaycan siyasi publisistikasının banisi, təməl daşını qoyan publisist, alovlu natiq, yeni dövr ilk uğurlu diplomat, görkəmli siyasi xadim idi. Rəsulzadə 17 yaşından 1920-ci il aprel işğalına qədər Azərbaycan dövrü mətbuatında 1200 məqalə ilə çıxış etmişdir. 1907 - ci ildə Rus imperiyasının onun açıq fikirlərindən hiddətlədiyi bir vaxtda, yəni həbsi üçün təhlükə yarananda İrana getməyə məcbur oldu. Rusiyada 1905- 1907 ci illərdəki təlatümlü çaxnaşmalardan sonra Cənubi Azərbaycanda Səttar xanın başçılıq etdiyi inqilabın da şahidi və iştirakçısı olur. 1911- ci ildə İran inqilabı süqut etdikdən sonra Rəsulzadə Türkiyəyə mühacirət edir. 1913-cü ildə isə Bakıya qayıdır. Musavat partiyasının işində iştirak edir, “Açıq söz” qəzetində milli ideyalarının təbliği istiqamətində ciddi iş görür. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasına qədər Məhəmməd Əmin Rəsulzadənin fəaliyyəti məhz bu böyük amalın gerçəkləşməsinə xidmət edir. Bu xidmət öz bəhrəsini verəndə isə O, istiqlalın möhkəmləndirilməsi hədəfinə istiqamət götürən mübarizə yolunu tutur. Uğurlu danışıqlar aparan diplomat, Milli Şura sədri, maarifçilik ideyalarını təbliğ edən publisist, təsisində böyük əzmkarlıq etdiyi Bakı Dövlət Univeristetində müəllim kimi çoxşaxəli fəaliyyətində onun bir amalı ana xətt təşkil edirdi ki, bu da Milli istiqlal idi. Rəsulzadə istefa mədəniyyətini də ilk örnək olaraq Azərbaycan siyasi arenasına gətirmişdir. Belə ki, O, 1918-ci ilin iyulunda yaranmış fikir ayrılıqlarına rəğmən Milli Şura sədirliyindən istefa vermişdir. Həmin ilin 16 noyabırında isə Məhəmməd Əmin Milli Şuranın işi bərpa olunanda yenidən bu quruma rəhbərlik edir. Onun AXC parlamentindəki fəaliyyəti də məsuldar və peşəkarlığı ilə seçilirdi.
AXC süqutundan sonra M.Ə. Rəsulzadə 17 avqust 1920-ci il tarixdə Qaraməryəm kəndində həbs olunur. Stalinin göstərişi ilə həbsdən azad olub Moskvada işlə təmin olunan Rəsulzadə ilk imkanda Finladiyaya qaçmağa müvəffəq olur. Avropanı gəzib-dolaşaraq Türkiyəyə gəlməklə milli qovğasını burada davam etdirir. Lakin Sovet hökumətinin tələbilə 1931-ci ildə Rumuniyaya getməli olur. 1926-cı ildə Parisdə “ Promatey” təşkilatını, 1936-cı ildə Varşavada Musavatın konfransını təşkil etməyə müvəffəq olan Rəsulzadə II Dünya müharibəsi başlayanda Almaniya hökumətinə Azərbaycan İstiqlalını tanıtmaq uğrunda cəhdlər edir. Faşist Almaniyasının iç üzünü görən Rəsulzadə 1942 -ci ildə Berlindən Türkiyəyə qayıdır. Burada O, Azərbaycan Kultur Dərnəyi yaradır. İngiltərə, ABŞ kimi ölkələrdə qısamüddətli fəaliyyət göstərir. Harada olmasından asılı olmayaraq daim Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Məhəmməd Əmin doğma məmləkətində baş verən prosesləri diqqətlə izləyir. Sovetlərin dəmir sərhədlərinin sipər ola bilmədiyi ideyalarını gizli formada öz xalqına çatdırırdı. Bakıda musavatın gizli özəklərinə mütamadi tapşırıqlar ötürə bilirdi. 1943- cü ilin payızında ABŞ, BB və SSRİ-nin liderlərinin Tehrandakı sövdələşməsinə əsasən 1946-cı ilin dekabrında Cənubi Azərbaycandakı milli hərəkat qan içində boğulanda Rəsulzadə Ankaradan yazırdı “Bəlkə də tarixin verdiyi son şansdan istifadə edə bilmədik” 1953-ci ilin mayında ABŞ-da AXC-nin yaranmasının 35-ci ildönümü ilə bağlı “Amerikanın Səsi” radiosunda çıxış edən istiqlal mücahidinin səsi sovetlərin aciz manesini dəf edərək bütün Azərbaycanda eşidilir. Stalinin ölmündən sonra guya deokratikləşmə yolunu tutan Moskva Rəsulzadənin səsidən belə qorxuya düşür. Onun adının istənilən formada çəkilməsi qadağan edilir.
İlk gənclik illərindən bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr edən Məhəmməd Əminin ürəyi 6 mart 1955-ci ildə Ankarada Əsri xəstəxsnda əbədi olaraq susur. Amma onun ideyaları, amalı heç vaxt susmur, əksinə zaman-zaman kükrəyib çoşur. Bu çoşqu nəhayət ki, onun görmək istədiyi azadlığa qovuşmaqla nəticələnir. Onun prinsipiallıqla müdafiə etdiyi Qarabağ məsələsini qalib xalq olaraq Azərbaycan xalqı birdəfəlik həll etdi. Amma hələ də bu Böyük şəxsiyyətin ruhunu narahat edən nəsnələr var. Heç vaxt güzəştə getmədiyi Borçalı və Dərbənd dərdi. Və bir də əlbət ki, şübhəsiz onun bəlkə gümanında cücərən yenidən doğulacaq şans, Güney şansımız.
Ankarada Əsri məzarlığıda bir abidə var. Bir kərə yüksəlib bir daha enməyən üç boyalı ay ulduzlu bayraq dalğalanır bu abidənin yanında. Abidənin müəllifi simvolizə etdiyi rəqəmlər; 34, 71, 285 və 28. Abidə öndən 34 santımetr, parlamentin açılış nitqini söyləyən zaman Rəsulzadənin 34 yaşı olub, endən isə 71 sm, yəni vəfat yaşı, abidənin dörd sütunun hündürlüyü 285 sm, 28 mayı simvolizə edir. Əsri məzarlığınında uyuyan Məhəmməd Əmin Rəzulzadənin məzarı məzarlığın 28 may sokakılğındadı.
O, küləkli qış gecəsi, 31 yanvardan 140 il keçir. Bu gün Rəsulzadənin düyaya göz açdığı Novxanıda xəfif rüzgar əsir, bayraq dirəklərinin ucundakı ay ulduzlu, üç rəngli bayraqlarımız dalğalansın deyə. Bir də Anadolu, onun köksündəki gözəl Ankara nə qədər doğma olsa belə yenə də sevgili diyardan torpaq ətri aparsın Əsriyə deyə.
Pərviz Yəhyalı
visiontv.az