Qərb guya Yerevan və Bakı arasında münasibətlərin nizamlanmasına kömək etmək üçün NATO ölkələrinin "sülhməramlı" kontingentini Cənubi Qafqaza yerləşdirməyə çalışır. "ABŞ və və Aİ Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlı deyillər. Yerevanı Bakı ilə danışıqların uzanmasına meylləndirən Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda Birləşmiş Millətlər Təşkilatının, əslində isə NATO-nun himayəsi altında öz "sülhməramlı" kontingentinin yerləşdirilməsinə nail olmağa çalışır". Bu barədə Bortnikov Astanada MDB təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş müşahidə missiyası "NATO-nun konkret ölkəsinin maraqları naminə Rusiyaya və onun tərəfdaşlarına qarşı kəşfiyyat fəaliyyəti aparır".
Qərb imtiyazlı silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmasına çalışır ki, bu da Yerevanı Bakı ilə münasibətlər məsələsində NATO-dan daha da asılı vəziyyətə salacaq.
"NATO-nun dünyanın müxtəlif bölgələrində vasitəçilik təcrübəsini nəzərə alsaq, Cənubi Qafqaza möhkəmlənməsi regionda sabitliyə kömək etməyəcək", - Bortnikov vurğulayıb.
20 fevral 2023-cü ildə Avropa İttifaqının uzunmüddətli missiyası Ermənistanda 2 il müddətinə yerləşdirilib və 100 nəfərdən ibarət olub.
2023-cü ilin dekabrında Avropa İttifaqı missiyanın 209 nəfərə qədər genişləndiyini elan edib.
Yeganə Hacıyeva
visiontv.az