Qarabağın ilk şəhidlərindən Bəxtiyar Quliyev doğum günü münasibətilə 1993-cü ildən sonra ilk dəfə dəfn edildiyi qəbiristanlıqda anılıb.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, Ağdamın işğaldan azad edilmiş Şıxbabalı kəndində təşkil olunan mərasimdə şəhidin doğmaları ilə yanaşı, ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları və bir qrup kənd sakini iştirak edib.
Tədbir iştirakçıları Bəxtiyar Quliyevin doğulduğu kəndin qəbiristanlığındakı anım-xatirə məzarını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.
Çıxışlar zamanı Bəxtiyar Quliyev haqqında geniş söhbət açılıb. Ermənilərin Qarabağda torpaq iddialarına başlamasına görə 1988-ci ildə Ağdamdan Əsgərana təşkil olunan dinc yürüş zamanı ermənilər tərəfindən Əli Hacıyevlə birlikdə qətlə yetirilən 16 yaşlı Bəxtiyar Quliyevin yaxınları onun xatirəsini doğma yurdlarında anmaqlarının qürurunu yaşadıqlarını bildiriblər.
Qeyd edək ki, Bəxtiyar Quliyevin məzar daşının qalıqları ötən il aşkar edilsə də, dağıntılar səbəbindən məzar hələ də müəyyən edilməyib. Məhz elə buna görə də digər şəhid məzarlarının yanında ona anım-xatirə məzarı yaradılıb.