Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 22-ci iclası keçirilib.
"Ramşteyn" formatında keçirilən virtual görüşün açılışında ABŞ müdafiə naziri Lloyd Ostin çıxış edib.
“Biz çağırış anında görüşürük. Putinin işğalçıları suveren Ukrayna ərazisinə növbəti hücuma başlayıb və Kreml qüvvələri Ukrayna sərhədi boyunca bufer zona yaratmaq cəhdi ilə yaxın həftələrdə daha da irəliləməyə çalışacaq”, - ABŞ müdafiə naziri deyib.
O vurğulayıb ki, rusların Xarkov üzərinə yeni hücumu Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun əhəmiyyətini gücləndirir.
Ostin qeyd edib ki, Rusiya Ukrayna şəhərlərini intensiv şəkildə bombalamağa davam edir: “Beləliklə, hava hücumundan müdafiə məsələsi bu gün gündəmimizdə əsas yer tutacaq. Mən bütün müttəfiqlərimizi və tərəfdaşlarımızı Ukraynanı təcili olaraq ehtiyac duyduğu hava hücumundan müdafiə qabiliyyəti ilə təmin etmək imkanlarını yenidən nəzərdən keçirməyə çağırıram”.
ABŞ müdafiə naziri iclasda koalisiyanın imkanlarının koordinasiyası məsələsinin müzakirə olunacağını bildirib.
Onlayn iclasda 50-yə yaxın ölkənin müdafiə nazirləri və müdafiə idarələrinin rəhbərləri iştirak edir.
visiontv.az