Nazirlər Kabineti ezamiyyə xərclərinin dəyişdirilməsi barədə qərar qəbul edib
Nazirlər Kabineti ezamiyyə xərclərinin dəyişdirilməsi barədə qərar qəbul edib
07.04.2024 Vüqar Bayramov Tərəfindən

Nazirlər Kabineti ezamiyyə xərclərinin dəyişdirilməsi barədə qərar qəbul edib. Artıq yeni, artırılmış normalar qüvvəyə minib. Qeyd edək ki, normaların artırılması ilə bağlı təkliflər mütəmadi olaraq müzakirələrdə təqdim olunurdu.

Qərara əsasən, ezamiyyə norması Bakı şəhərində 125 manat (əvvəl 90 manat), Gəncə, Sumqayıt şəhərlərində 95 manat (əvvəl 70 manat), respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90 manat (əvvəl 65 manat), Naxçıvan şəhərində isə 100 manat (əvvəl 70 manat) müəyyənləşib.

Xarici səfərlər zamanı dollar ifadəsində ən yüksək Nyu York şəhərində (450 dollar), avro ekvivalentində isə İsveçrənin Bern, Cenevrə və Sürix şəhərlərində (330 avro) ödəniləcək.

5 ildən çox müddət idi ki, Azərbaycanda ezamiyyə xərc normaları dəyişdirilmirdi. Bu müddətdə həm ölkə daxilində, həm də xaricdə xüsusən də 2022 və 2023-cü illərdə yüksək inflyasiya qeydə alınmışdı. Bu baxımdan, belə bir qərarın qəbuluna ehtiyac var idi.

Bununla yanaşı, ezamiyyə normalarının illik inflyasiya göstəricisinə indeksləşdirilərək artırılması daha məqsədəuyğun olardı. Bu normaların reallığının qorunub saxlanmasına imkan yaratmaqla ezamiyyə gedən vətəndaşlar üçün əlavə xərcləmələrin yaranmasnın qarşısını alardı.

Millət vəkili Vüqar Bayramov

visiontv.az