Böyük Britaniyanın MI-6 Xidmətinin rəhbəri Riçard Mur`un və dünyanın bir sıra digər ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərlərinin ötən ay paytaxtımıza səfərindən sonra Narışkinin də Bakıya yollanması təbiidir.
Azərbaycan artıq regionun açar-kilid ölkəsi olmaqla yanaşı, həm də qlobal strateji nəqliyyat-logistik haba çevrilməyi planlaşdırır. Bu isə nəinki öz ölkəmizin təhlükəsizlik konsepsiyasının, həm də qlobal təhlükəsizlik sistemlərinin yenidən nəzərdən keçirilməsi, dəyərləndirilməsi zərurətini ortaya çıxarır.
Tarixən nəqliyyat kommunikasiyaları həmişə aparıcı dünya gücləri arasında gərgin rəqabət sahəsi olub. Əsas nəqliyyat marşrutlarına nəzarət təkcə iqtisadi üstünlük deyil, həm də siyasi təsir rıçaqı əldə etmək demək idi.
Beləliklə, Azərbaycan Orta Dəhlizi (və onun bir parçası olan Zəngəzur dəhlizini) artıq qlobal güclərin maraq predmetinə çevirməyi bacarıb. İndi həmin güclər arasında sözün əsl mənasında gərgin geosiyasi və geoiqtisadi mübarizə gedir. Rusiya da bu prosesdə aktiv oyunçulardan biri kimi yer alır.
Narışkinin səfəri də sözügedən qlobal maraqlar uğrunda rəqabət fonunda Azərbaycanla əməkdaşlığın yeni konturlarının müəyyən edilməsinə xidmət edir.
Masada həmçinin İran-İsrail qarşıdurmasının regional proseslərə və o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivlərinə təsiri məsələsi də var.
Bəybala Mirzəyev
visiontv.az