Moskva-Tehran xəttində Zəngəzur dəhlizi ilə bağlı razlaşma baş tutmur
20.09.2024

Şoyqunun İrana səfəri onun 6 avqustdan sonra ikinci gedişi – Bakının da daxil olduğu Moskva-Tehan xəttindəki diplomatik trafikdə isə 4-cü hadisədir.

Şoyqunun İrana səfəri onun 6 avqustdan sonra ikinci gedişi – Bakının da daxil olduğu Moskva-Tehan xəttindəki diplomatik trafikdə isə 4-cü hadisədir.

Avqustun 6-də Şoyqunun Tehran səfəri xüsusilə İran-İsrail qarşıdurması fonunda diqqət çəkirdi. Lakin onun Tehrandan Bakıya uçması diqqəti Cənubi Qafqaza – Zəngəzur dəhlizinə yönəltdi. Və ardınca – avqustun 18-də Putinin Bakı səfərində bütün kartlar açıldı: Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşib;

Dəhlizə görə Moskvaya “hücuma” keçən İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı Rusiyaya göndərdi. Məqsəd Tehranın “qırmızı xətlərini” izah etmək və Rusiyanın geri çəkilməsinə nail olmaq idi, hərçənd, bu səfərdən sonra hər iki paytaxda verilən bəyanatlar uzlaşmanın olmadığı ehtimalını gücləndirdi.

Əhmədianın səfərindən bir neçə gün sonra Şoyqunun Tehrana gedişi bu prosesdə əsas diqqətçəkən məqamdır və Rusiyanın İrana təkliflər paketi hazırladığı fikrini önə çıxarır. Əks təqdirdə, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Əhmədiana təqdim edildikdən sonra Şoyqunun Tehrana uçmasına zərurət olmazdı.

Rusiyanın İrana təqdim edə biləcəyi iki mümkün təklif ola bilər.

Birincisi, dəhlizin Tehranın maraqlarına zidd olmadığı ətraflı şəkildə izah olunur və İran marşrutunun da alternativ yol kimi istifadə edilməsinin detalları təqdim edilir, yəni uzlaşma təkifi irəli sürülür;

İkincisi, İranın da Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsi, yaxud başqa formada iştirakına dair təkliflər ola bilər;

İkinci ehtimal daha zəifdir, çünki Rusiyanın hazırda İranla əməkdaşlığa ehtiyacı olsa da, bölgədə mövqelərini paylaşmaqda maraqlı deyil, eyni zamanda, Tehranın hansısa formada iştirakı Ankaranın da iştirakına zəmin yaradacaq. Rusiya daha çox İranla uzlaşmaq və dəhlizin məhz özünün iştirakı ilə açılmasına nail olmaq istəyir. Şoyqunun uzlaşma ilə Moskvaya qayıtdığını demək o qədər də asan deyil. İran mediasının təbliğatı da bunu “bağırır”. Maraqlıdır ki, tərəflər Şoyqunun səfəri ilə bağlı məlumatı öz ictimai rəyinə hesablanmış formada təqdim edir:

- İran mediası “Moskva Tehranın mövqeyini dəstəklədi” formasında yazır;

- Rusiya mediası əksinə, “Tehran Moskvanın siyasəti ilə razılaşdı formasında göstərir;

Bu “təqdimat” da Moskva-Tehran xəttində Zəngəzur dəhlizi ilə bağlı uzlaşmanın olmadığı versiyasını gücləndirir.

Asif Nərimanlı

visiontv.az