Rəcəb Tayyib Ərdoğanın sözüylə desək, Bəşər Əsəd geridə 1 milyona yaxın insanın qətlə yetirildiyi Suriyanı qoyub qaçdı...
Bəşərin Suriyadan qaçıb Rusiyaya sığınması taleyin ironiyasıdır. Həyatın "bumeranq effekti"nin təsdiqidir.
Bəşər son 13 ildə milyonlarla suriyalının (ərəbin, türkmənin, çərkəzin, druzun, kürdün və s.) öz evindən, şəhərindən, ölkəsindən didərgin düşməsinin səbəbkarı olmuşdu. Tale bunun bədəlini Bəşərə ödətdi, indi o da xanımı və uşaqları ilə birlikdə qaçqın həyatı yaşamağa başlayıb. İlahi ədalət axır ki zəfər çaldı.
Rusiyanın havadarlığı sonda Əsədlər sülaləsinin və Bəşər Əsədin qaçqınlıq "karyera"sına qədəm qoyması ilə başa çatdı.
"Möhtəşəm" finaldır, deyilmi?
Zatən Rusiya və Putin Bəşərə bundan artığını verə də bilməzdi. Çünki Rusiyanın Bəşərə və suriyalılara verə biləcəyi başqa heç bir maddi, mənəvi, siyasi nəsnə yoxdur.
Axı Qərbdən fərqli olaraq, Rusiya inkişaf etməkdə olan ölkələrin xalqları və elitaları üçün "demokratiya", "insan haqları", "söz azadlığı", "feminizm", "gender", "azad media", "LGBT", "vicdan azadlığı", "multikultiralizm", "inklüzivlik" və s. kimi parıltılı, gözqamaşdırıcı dəyərlər və anti-dəyərlər yaratmağı bacarmır.
Qərb kiçik ölkələri "yumşaq güc" adlandırdığı bu dəyərlər və antidəyərlər vasitəsilə işğal edir, parçalayır, hökm sürür. Rusiya isə ənənəvi "ayı" xislətinə və feodalizm təfəkkürünə uyğun olaraq bu və ya digər ölkədə yalnız və yalnız "qaba güc" hesabına, hərbi yolla öz sözünü deməyə çalışır.
Lakin günün birində hərbi güc də öz effektivliyini itirir, işə yaramır. Bəşər Əsədin başına gələnlər bunun əyani isbatıdır.
Rusiyanın Suriyadakı hərbi varlığı Bəşər Əsədin hakimiyyətini qoruya bilmədi. Heç İranın super reklamlı SEPAH-ı və Həşdi-Şabi milisləri də Əsədin dadına yetmədi. Çünki bəzən elə kritik məqamlar olur ki, hətta böyük gücün və qüdrətin rəmzi olan böyük ordular və ən son texnologiyalı silahlar da heçnəyə yaramır. Rusiyanın və İranın hamilik etdiyi, qoruduğu Bəşər Əsəd də məhz belə bir kritik məqamla üzləşdi və hakimiyyətini itirdi.
Beləliklə, bir daha bəlli oldu ki, Rusiyanın və İranın müttəfiqlərini üfüqdə yaxşı heçnə gözləmir. Onlar həlledici məqamda öz müttəfiqlərini taleyin (və ya üsyançıların, inqilabçıların, HTŞ kimi qruplaşmaların) ixtiyarına buraxırlar.
Bəşərin Rusiyaya sığınması onun siyasi xilası deyil, sadəcə, cismani qurtuluşudur. Vəssalam, bu, yolun sonu deməkdir.
Bəşər Əsəd dekabrın 8-dən etibarən siyasi meyitə çevrildi. Ondan əvvəl Viktor Yanukoviç də Kiyevdən qaçıb Moskvaya pənah gətirmişdi.
Bəli, Moskva artıq siyasi meyitlərin "qəbristanlığ"ına çevrilir.
Onlar bundan sonra olsa-olsa, ən yaxşı halda hansısa bayram ziyafətlərində Putinin əl sıxışması "mərhəmət"inə ümid bəsləyə bilərlər.
Bax belə. Necə deyərlər, Moskva göz yaşlarına inanmır...
P.S.
Kremldən açıqlama: "Rusiya prezidenti Vladimir Putin Suriyanın devrilən lideri Bəşər Əsədlə görüşmək niyyətində deyil. Putinin rəsmi proqramında Əsədlə görüş yoxdur".
P.P.S.
Suriyanın və Bəşər Əsədin aqibəti Paşinyanı və erməni siyasi elitasını da ciddi şəkildə qayğılandırmağa və düşündürməyə başlayıb. Rusiyanın himayəsindən məhrum olan Ermənistan bundan sonra İranın da dəstəyinə və "qardaşlıq" nağıllarına inamsız yanaşacaq. Heç Makrondan da ciddi dəstək gözləmyinə dəyməz. Çünki indi Makronun özü də Trampın himayəsinə sığınmağa çalışır. Bir sözlə, bu aralar Ermənistan tərk edilmiş tənha, uzaq adaya bənzəyir...
Bəybala Mirzəyev
visiontv.az